Lənkəran RMİ Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə və lənkəranlı şəhidlərə həsr olunan “Zəfər carçıları” adlı sənədli film nümayiş olunub.

“Şəhidlərimiz and yerimizdir” layihəsi çərçivəsində ərsəyə gələn 44 dəqiqəlik filmdə Lənkəranın tarixinə, lənkəranlı gənclərin Vətən müharibəsindəki qəhrəmanlıqlarına və multikultural dəyərlərin qorunub saxlanılmasına, habelə müxtəlif xalqların nümayəndələrinin əsl vətənpərvər kimi “Dəmir yumruq” ətrafında sıx birləşərək doğma torpaqların azad olunmasındakı birgə roluna diqqət çəkilib.

***

Biləsuvar RMİ-nin rəisi Əlisultan Sadıxov, idarənin əməkdaşları və O.Əkbərov adına Uşaq incəsənət məktəbinin kollektivi Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun doğum günü münasibətilə ailəsini ziyarət ediblər.

***

Masallı RMİ Masallı Rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Elşad Əhədovun xatirəsinə həsr edilmiş “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Çıxış edənlər Milli Qəhrəmanın həyatı və şərəfli döyüş yolu haqqında məlumat veriblər.

***

Bərdə RMİ-nin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə və mədəniyyət işçiləri Vətən müharibəsi şəhidi Aysənan Abbasovun anım mərasimində iştirak ediblər. Ceyhun İsmayılzadə şəhid ailələrinin və qazilərin dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığını, həmçinin mütəmadi olaraq nümayəndəlik üzrə mədəniyyət müəssisələrində vətənpərvər mövzularda silsilə tədbirlərin keçirildiyini vurğulayıb.

***

Ağstafa RMİ Qazax Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Tural Məmmədovun anım günü ilə bağlı ailəsini ziyarət ediblər.