AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə Bakıda Türkiyənin Şanlıurfa şəhəri yaxınlığındakı Göbəklitəpə arxeoloji abidəsinə həsr olunan “Daş təpələr: Sivilizasiyanın erkən coğrafiyası” mövzusunda elmi seminar keçirilib. Seminarda iştirak edən İstanbul Universitetinin professoru Necmi Karul və dosent Eylem Özdoğan Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzi ilə tanış olublar.

Qoruğun direktoru Zahir Kərimov, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov, tarix elmləri üzrə fəlsəfə doktoru Ceyhun Eminli, SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədr müavini İrina Zeynalova və şöbə müdiri İradə Nəcəfova türkiyəli qonaqlara tarixi məkan haqqında ətraflı məlumat veriblər. “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filmi də maraqla qarşılanıb.

Sonra qonaqlar Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Onlara mərkəzin yaradılması və bu sahədə SEBA-nın  gördüyü işlər barədə məlumat verilib. Onlar qoruğun tarixi məkanlarından olan Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə də tanış olublar.

Qonaqlara SEBA-nın nəşr etdiyi Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar təqdim edilib.