Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” serialının musiqi tərtibatının (soundtrack) hazırlanması üçün müsabiqə elan olunur.

İştirakçılar 25 dekabrdan etibarən istənilən janrlar üzrə öz bəstələrini təqdim edə bilərlər. Çoxseriyalı filmdə döyüş səhnələri ilə yanaşı, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, sevinc, təlaş və sair mövzular yer alacaq. Müsabiqə üçün musiqilərin leytmotivini təqdim edərkən filmin mahiyyəti, dəyişən səhnələr və epizodlar mütləq nəzərə alınmalıdır.

“Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filminin 24 bölümdə çəkilməsi planlaşdırılır. Film Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyatı və keşməkeşli fəaliyyətindən bəhs edəcək. Burada eyni zamanda əsas məqsədlərdən biri kimi Orta əsrlər Azərbaycan coğrafiyasındakı mövcud dövlət quruluşu, sosial münasibətlər, ictimai-siyasi vəziyyət, milli-mənəvi irs, intibah dövrünü yaşayan mədəni-ədəbi mühit və digər reallıqlar detallı şəkildə gündəmə gətiriləcək. 

Müsabiqənin şərtlərinə görə, hər iştirakçı ən çoxu 5 (beş) musiqi parçası və fərqli leytmotivlər təklif edə bilər. Musiqilərin, leytmotivlərin çox olması həmin iştirakçının qalib gəlmək şansını artıra bilər. Lakin say çoxluğu mütləq şərt deyil; önəmli olan musiqinin orijinallığı və filmə uyğun gəlməsidir.

Çoxseriyalı filmin musiqi müşayiətini zənginləşdirmək və orijinallığı artırmaq məqsədilə qalib gəlmiş bir neçə iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür.

İştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər. Bu halda hər bir müəllifin (bəstəkarın) adı qeyd edilməlidir. Qrup şəklində təklif verən tərəf bir iştirakçı kimi qiymətləndiriləcək və qrup qalib gəldikdə mükafat ayrı-ayrılıqda müəlliflərə deyil, yalnız bir dəfə bütöv qrupa ödəniləcək.

Aşağıdakı qaydada mükafatlandırılma nəzərdə tutulub:

1-ci yer üçün: 1500 manat

2-ci yer üçün: 1000 manat

3-cü yer üçün: 500 manat

Qalib gəlmiş bir və ya bir neçə iştirakçı ilə filmin bütün bölümləri üçün musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.

Müsabiqə üçün bəstələrin son təqdim edilmə tarixi: 25 yanvar 2023-cü ildir.

Qaliblər Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyinə əsasən müəyyən olunacaq.

Ətraflı məlumat Mədəniyyət Nazirliyinin saytının (culture.gov.az) “Elanlar” bölməsində.