Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

217 il əvvəl...

27 dekabr 1805-ci ildə Qarabağ və Şəki xanlıqlarını ələ keçirəndən (may 1805) sonra Şirvan xanlığı üzərinə yürüşə başlayan rus qoşunları Şamaxı şəhərinə daxil olublar. Şirvan xanlığı çar Rusiyasına birləşdirilib.

 

104 il əvvəl...

26 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti Fətəli xan Xoyskinin rəhbərliyi ilə 3-cü hökumət kabinetini təsdiqləyib. Yeni koalisiya hökumətində 14 nazir, o cümlədən parlamentdə 10 yer ayrılmış rus icmasının təmsilçisi olaraq 3 nazir vardı. Cümhuriyyət rəhbərliyi bununla həm rus icmasını parlamentdə iştiraka təşviq etmək (rus deputatlar 1919-cu ildə parlamentə qatıldılar), həm də demokratik əsaslı hökumətlə Bakıdakı ingilis komandanlığının dəstəyini qazanmaq istəyirdi.

 

90 il əvvəl...

27 dekabr 1932-ci ildə SSRİ-də məcburi pasport sistemi və yaşayış yeri üzrə qeydiyyat rejiminə keçid elan edilib. Sovetləşmədən sonra ölkə daxilində pasportlar (pasport yalnız xaricə səfər üçün verilirdi) çarizmin qalığı kimi ləğv edilmişdi. Lakin tezliklə insanların sərbəst hərəkətinin sovet idarəçilik rejimi ilə ziddiyyət təşkil etdiyi üzə çıxdı. SSRİ XKS-nin qəbul etdiyi qərara əsasən, pasport-qeydiyyat rejimini pozanlara qarşı inzibati, hətta cinayət məsuliyyəti tətbiq olunmağa başlandı.

 

83 il əvvəl...

27 dekabr 1939-cu ildə Türkiyə tarixində ən dəhşətli zəlzələdən biri baş verib. Ərzincan, Sivas və Samsun vilayətlərini yerlə yeksan edən təbii fəlakət nəticəsində 50 mindən çox insan həlak olub. Sərt qış tələfatın miqyasının böyük olmasında xüsusilə ağır rol oynamışdı.

 

43 il əvvəl...

25 dekabr 1979-cu ildə Sovet İttifaqı hərbi kontingentinin Əfqanıstana yeridilməsinə başlanılıb. 1978-ci ildə qurulmuş Əfqanıstan Demokratik Respublikası (ƏDR) ilə SSRİ arasında əməkdaşlıq haqqında müqavilə vardı. Lakin 1979-cu ilin sentyabrından Əfqanıstan Xalq Demokratik Partiyasının baş katibi və İnqilabi Şuranın sədri olan Hafizulla Əminin fəaliyyəti SSRİ-ni qane etmirdi. ƏDR rəhbərliyində Əminə müxalif qüvvələrin müraciəti və sözügedən müqavilə əsas götürülərək Əfqanıstana ordu yeridildi. Dekabrın 27-də “Alfa” qrupu Kabildəki Prezident sarayını ələ keçirdi, Hafizulla Əmin qətlə yetirildi. “KQB”nin adamı Bəbrək Karmal ölkənin rəhbəri elan edildi.

 

31 il əvvəl...

25 dekabr 1991-ci ildə SSRİ-nin Prezidenti Mixail Qorbaçov vəzifəsindən istefa verib. Moskva vaxtı ilə saat 19.00-da Mərkəzi Televiziyanın birbaşa efirində çıxış edən Qorbaçov Müstəqil Dövlətlər Birliyinin elan edilməsindən sonra bu vəzifədə qalmasının qeyri-mümkün olduğunu deyib. Saat 19:38-də Kreml üzərində SSRİ-nin bayrağı endirildi və Rusiyanın üçrəngli bayrağı qaldırıldı.

Eyni gündə Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Ali Sovetinin qərarı ilə dövlətin adı Rusiya Federasiyası elan edilib.

Həmin gün axşam Vaşinqtonda ABŞ Prezidenti Corc Buş SSRİ-nin müttəfiq respublikalarının, o cümlədən Azərbaycanın müstəqilliyinin tanınması barədə bəyanat verib.

26 dekabr 1991-ci ildə SSRİ Ali Sovetinin sonuncu iclası keçirilib. İclasda ittifaqla bağlı bütün qurumların, o cümlədən SSRİ Ali Sovetinin fəaliyyətinə xitam verilib. Sovet İttifaqı quruluşunun 69-cu ildönümünə dörd gün qalmış rəsmən süqut etdi.

***

25 dekabr 1991-ci ildə Prezident Ayaz Mütəllibov “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” fərman verib. Sənədə əsasən, yeni əlifbaya keçid bir neçə ilə başa çatmalı idi. Lakin bu proses çox uzandı. 2001-ci il iyunun 18-da Prezident Heydər Əliyev latın qrafikalı əlifbaya keçidin başa çatdırılması barədə fərman imzaladı və həmin il avqustun 1-dən proses tam həyata keçirildi.

25 dekabr 1991-ci ildə Azərbaycan Parlamenti – Ali Sovetin Milli Şurası 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qərar qəbul edib.

25 dekabr 1991-ci ildə İran və İsrail Azərbaycanın müstəqilliyini tanıyıb. İranla diplomatik münasibətlər 1992-ci il martın 12-də, İsraillə diplomatik münasibətlər isə 1992-ci il aprelin 7-də quruldu.

26 dekabr 1991-ci ildə Kuba və Avstraliya Azərbaycanın müstəqilliyini tanıyıb. Kuba ilə 1992-ci il martın 27-də, Avstraliya ilə 1992-ci iyunun 19-da diplomatik əlaqələr quruldu.

26 dekabr 1991-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərindəki sonuncu azərbaycanlı ailələr ermənilər tərəfindən qovulub. 1989-cu ildən şəhərdə azərbaycanlı əhaliyə (5 min nəfərdən çox) qarşı aparılan etnik təmizləmə başa çatıb.

Hazırladı: V.Orxan