İtaliyadakı səfirliyimizin tabeliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) italiyalı musiqisevərlər üçün ustad dərsi təşkil olunub.

Əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə qonaqlara Azərbaycanın muğam sənəti və musiqi mədəniyyəti barədə ətraflı danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan muğamı 2008-ci ildə UNESCO-da “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na salınıb. Bundan başqa, Azərbaycan tarı və onun ifaçılıq sənəti 2012-ci ildə, kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti isə 2017-ci ildə sözügedən siyahıya daxil edilib.

Sonra tarzən Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatı, gənc xanəndə Kamilə Nəbiyeva və Əməkdar artist, kamança ustası Xəyyam Məmmədovun ifasında Azərbaycan milli musiqisindən nümunələr səslənib. Azərbaycan muğamı italiyalı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Həmçinin beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə və tarzən Sahib Paşazadə Azərbaycan və İtaliya musiqisinin nümunələrini ifa ediblər.

Qonaqlar AMM-in ekspozisiya zallarında sərgilənən və Azərbaycan tarixini əks etdirən incəsənət nümunələri ilə də tanış olublar.