Xalq artisti Sərxan Sərxanın yubiley konserti keçirildi

 

Bu il klassik estrada musiqimizin parlaq nümayəndələrindən biri, Xalq artisti, müğənni, bəstəkar Sərxan Sərxanın 70 illiyidir.

Rusiyada yaşayan görkəmli müğənni yubiley ilində doğma şəhərində konsert proqramı ilə onun sənətinin heyranlarının qarşısına çıxdı.

Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) gerçəkləşən gecədə mərkəzin direktoru Xalq artisti Murad Hüseynov səhnəyə çıxaraq tamaşaçıları salamladı. Sərxan Sərxanı klassik estrada sənətimizin canlı korifeyi adlandıran direktor müğənninin növbəti konsertinin BMM səhnəsində reallaşmasından məmnunluğunu bildirdi. Sənətkara yubileyi münasibətilə xoş diləklərini çatdıran Murad Hüseynov onu səhnəyə dəvət etdi.

Musiqisevərlərin gur alqışları altında səhnəyə gələn müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif mahnılarını, eləcə də Azərbaycanın korifey sənətkarlarının əsərlərindən seçmələri ifa etdi.

Sənətkar ilk olaraq “Salam, Bakı şəhərim!” mahnısı ilə tamaşaçıları salamladı. Xalq şairləri Nəbi Xəzrinin şeirinə “Nə dedim?”, Nəriman Həsənzadənin sözlərinə “Kinoda” və şair Tofiq Bayramın sözlərinə bəstələdiyi “Ay gecikən məhəbbətim” mahnıları isə zala xüsusi ovqat bəxş etdi.

Tək özü və illərdir ona dost olan gitarası ilə tamaşaçılarla səmimi ünsiyyət quran Xalq artisti hər bir ifası və mahnısı haqqında məlumat verir, həm də öz təəssüratlarını bölüşürdü: “Hər il dekabr ayında ənənəvi olaraq Bakıda konsert verirdim. Üç ildir ki, pandemiya və Vətən müharibəsinə görə bu ənənə təxirə salındı. Mən səhnədən enerji alıram, cavanlaşıram”.

Müğənni özünün ən məşhur mahnılarından “Ay gecikən məhəbbətim” haqqında məlumat verdi: “Artıq bu mahnının 40 yaşı tamam olur. “Ay gecikən məhəbbətim” mənim Azərbaycan dilində oxuduğum ilk mahnıdır. O vaxta qədər bütün mahnılarım rus dilində idi. Bibim oğlu Tofiq Bayramın bu şeirini gətirdi, mən də həmin şeirə mahnı bəstələdim. 40 ildir ki, bu mahnını oxuyuram. Hələ də sevilir, dinlənilir. Bu gün gənclər tərəfindən də ifa edilir”.

Şən, şux ifası, bir-birindən maraqlı retro hit və yeni mahnıları özünəməxsus tərzdə təqdim edən Sərxan Sərxan həmin gün sanki bütün zala səhnə üçün necə darıxdığını çatdırmaq istəyirdi. Təmiz, peşəkar ifa, səsin duruluğu, maraqlı improvizələrlə 70 yaşlı müğənni səhnəyə meydan oxumağı bacardı.

Qeyd edək ki, Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olub. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin gitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. Həm Azərbaycan, həm də rus dillərində mahnılar ifa edən müğənni geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb.

Estrada müğənnisi 1987-ci ildə “Əməkdar artist”, 2018-ci ildə “Xalq artisti” fəxri adları ilə təltif edilib.