Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Kürdəmir Rayon Mərkəzi Kitabxanasında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Zahirə Sabirin Qarabağ tarixinə və “Şuşa İli”nə həsr olunmuş “Əvvəl zaman içində” kitabının təqdimatı keçirilib. İdarənin rəisi Faiq Xudanlı çıxış edərək kitabın uşaqlar üçün gözəl bir töhfə olduğunu qeyd edib.

***

Sabirabad RMİ Şirvan Dövlət Rəsm Qalereyası, şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Şuşa İli” ilə bağlı rəsm sərgisi təşkil olunub. Sərgidə Şirvan, Salyan, Hacıqabul məktəbliləri və sağlamlıq imkanları məhdud şəxslərin Şuşanın təbiətini, tarixi abidələrini, gözəlliklərini əks etdirən rəsmləri yer alıb.

***

Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Qusar Rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri arasında “Şuşa İli”nə həsr olunmuş regional intellektual yarış təşkil edilib. İdarənin rəisi Vüsal Hüseynov bildirib ki, yarışmanın məqsədi mədəniyyət fəaliyyətinin təbliği, mədəni-kütləvi tədbirlərin genişləndirilməsidir. Üç mərhələdən ibarət yarışın sonunda Quba rayonunu təmsil edən komanda ən yüksək bal toplayaraq birinci yerə layiq görülüb. Yarışdan sonra təşkil olunan konsert proqramında incəsənət ustaları, rəqs kollektivləri çıxış ediblər.

***

Masallı RMİ Masallı Rayon Mərkəzi Kitabxanasında “Azərbaycanın musiqi beşiyi – Şuşa” adlı tədbir keçirilib. Çıxış edənlər mədəniyyət paytaxtımızın ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, siyasətimizə bəxş etdiyi görkəmli simalardan danışıblar.

***

Gəncə RMİ və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun dəstəyi, şəhər Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”ndən “Şuşa İli”nə” adlı tədbir keçirilib. İdarənin rəisi Vasif Cənnətovun da iştirak etdiyi tədbirdə əvvəlcə qonaqlar Nizaminin məqbərəsini ziyarət ediblər. Sonra musiqi nömrələri təqdim edilib, dahi şair haqqında videoçarx nümayiş olunub.

Nurəddin Məmmədli