Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Doğma diyar – Azərbaycan” adlı ənənəvi respublika uşaq rəsm müsabiqəsinin yekun sərgiləri başa çatıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş müsabiqəyə Azərbaycanı tərənnüm edən, eləcə də qəhrəmanlıq, vətənpərvərlik mövzulu əl işləri qəbul olunub.

Müsabiqəyə ölkəmizin müxtəlif guşələrindən 1500-dən çox uşaq, yeniyetmə və gənc 2000-dən artıq əsər təqdim edib. Onlardan 800-ə yaxın əsər sərgilənmək üçün seçilib.

Əsəri sərgilənən  iştirakçılar sertifikatlar, fəal tədris müəssisələri təşəkkürnamə ilə təltif olunublar.

Sərgilərdən seçilmiş 10 ən yaxşı əsərin müəllifinin qrup sərgisi və bir tədris müəssisəsinin kollektiv sərgisinin keçirilməsi nəzərdə tutulub.