Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, tanınmış ictimai xadim, Azərbaycan və SSRİ-nin Xalq artisti Rauf Hacıyevin (1922-1995) 100 illiyi münasibətilə 3-27 dekabr tarixlərini əhatə edən musiqi festivalı keçirilir.

Festival çərçivəsində dekabrın 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində elmi-yaradıcılıq diskussiyası keçirildi.

Tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq görkəmli sənətkarın mədəniyyət xəzinəmizə verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, yüksək fikirlər, nəcib duyğularla yaşayan Rauf Hacıyevin bənzərsiz əsərlərində parlaq milli kolorit, hərarət, səmimiyyət yüksək səviyyədə hiss olunur.

Qeyd edildi ki, R.Hacıyev həm də ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan SSR-in mədəniyyət naziri vəzifələrində işləyib. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Rəqs Ansamblı kimi sənət kollektivləri yaradılıb.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin böyük məsləhətçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva dedi ki, bugünkü tədbir Rauf Hacıyevə həsr olunan musiqi festivalı çərçivəsində keçirilən 4-cü diskussiyadır. Bildirildi ki, bəstəkarın yaradıcılığı Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Operetta, simfoniya, oratoriya, kantata və digər janrlarda yaratdığı əsərlər bəstəkara böyük şöhrət gətirib. O, eyni zamanda Azərbaycanda mahnı janrının inkişafına töhfələr verib, kinofilmlərə və teatr tamaşalarına yaddaqalan musiqilər bəstələyib.

Tədbirə Niderlanddan videoformatda qoşulan musiqişünas, jurnalist Natəvan Hüseynova qeyd etdi ki, Rauf Hacıyevin ən çox sevdiyi musiqi janrı mahnı və operetta idi. N.Hüseynova yazdığı “Azərbaycanda caz” kitabında Rauf Hacıyevin də yaradıcılığından bəhs olunduğunu diqqətə çatdırdı.

Turan Məmmədəliyeva həmin kitabı Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etdi.

Diskussiyada daha sonra Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Raya Abbasova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Rzayeva, saksofon ifaçısı Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə Rauf Hacıyev haqqında xatirələrini bölüşdülər. Bildirildi ki, R.Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın inkişafında yeni səhifə açıb. Görkəmli bəstəkarın yeddi operettasından beşi Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda bu operettalar keçmiş SSRİ-nin digər mərkəzi şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.

Tədbirə Finlandiyadan onlayn qoşulan sənətkarın qızı Natella Hacıyeva ailəsi adından atasının xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirdi.

Savalan Fərəcov