Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” musiqi layihəsi davam edir. İstedadlı gənclər böyük səhnələrdə ölkəmizin aparıcı kollektivlərinin müşayiətində öz məharətlərini göstərirlər.

Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirildi.

Gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Aişə Əmrahova (qanun) və Hüseyn Quliyev (tar) maraqlı proqramla çıxış etdilər.

Orkestr tərəfindən Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamından fraqment və Niyazinin “Qaytağı” əsəri böyük şövqlə təqdim edildi.

Konsertdə Aişə Əmrahovanın ifasında H.Xanməmmədovun “Tar və simfonik orkestr üçün 2 nömrəli konsert”i, Hüseyn Quliyevin təqdimatında isə yenə də H.Xanməmmədovun “Kamança və simfonik orkestr üçün konsert”i alqışlarla qarşılandı. İstedadlı gənclər orkestrin müşayiəti ilə hər iki əsəri həm peşəkarlıq, həm də sevgi ilə səsləndirdilər.

***

Aişə Əmrahova 1994-cü ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Rafiq Babayev adına 25 nömrəli onbirillik Musiqi məktəbini qanun sinfi üzrə bitirərək elə həmin il Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinə daxil olub. 2013-cü ildə kolleci fərqlənmə diplomu ilə bitirərək konservatoriyada təhsilini davam etdirib. 2017-ci ildə AMK-nı da fərqlənmə diplomu ilə başa vurub. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr təhsili alıb.

Aişə Əmrahova 2008-ci ildə Xalq çalğı alətləri üzrə Respublika müsabiqəsində I, 2010-cu ildə “Nazim Əliverdibəyov adına Gənc ifaçıların V Ümumşəhər müsabiqəsi”ndə II, 2011-ci ildə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Milli musiqi alətləri ifaçılarının Respublika festivalı”nda və bir il sonra Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş orta ixtisas musiqi məktəbləri arasında gənc ifaçıların Respublika müsabiqəsində diplomlara layiq görülüb. O, 2013-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsil müəssisələrinin şagird və tələbələri arasında gənc musiqi ifaçılarının müsabiqəsində II yerə layiq görülüb. 2015-ci ildə IV Respublika Muğam müsabiqəsində diplomla təltif olunub.

İfaçısı bu il Elm və Təhsil Nazirliyi və AMK-nın birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində keçirilən Qanun festivalında təşəkkürnamə ilə təltif edilib.

***

Hüseyn Quliyev 1999-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə 27 saylı Musiqi məktəbinin tar ixtisası sinfinə daxil olub. 2015-ci ildən təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirib. 2018-2022-ci illərdə isə AMK-nın İfaçılıq fakültəsində tar ixtisası üzrə təhsil alıb. Gənc ifaçı AMK-da təhsil aldığı illərdə bir sıra müsabiqələrdə iştirak edərək nailiyyətlər qazanıb. 2020-ci ildə Moskvada keçirilən “Daha çoxunu edə bilərsən” adlı beynəlxalq müsabiqədə 1-ci dərəcəli diploma, Krasnodar “İstedadların sahilləri” adlı beynəlxalq müsabiqədə Qran-pri mükafatına, Sankt-Peterburqda “Yaşa! Yarat! Arzula!” adlı beynəlxalq müsabiqədə I yerə layiq görülüb. O, həmçinin Kazan şəhərində keçirilən “Lider – 2020” adlı beynəlxalq müsabiqədə I, Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının beynəlxalq müsabiqəsində II, Polşanın Varşava şəhərində “Mədəniyyət karvanı” müsabiqəsində Qran-pri mükafatını əldə edib.

Hüseyn Quliyev görkəmli müğənni Bülbülün 125 illik yubileyinə həsr olunmuş və “Şuşa İli” çərçivəsində reallaşan “Milli musiqi ifaçılarının Respublika müsabiqəsində II yerə layiq görülüb.

Nurəddin