Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə dekabrın 21-də Bakı Xoreoqrafiya Akademiyasında konsert keçirilib. Əvvəlcə tədbirin aparıcısı, BXA-nın Musiqi sənəti kafedrasının müəllimi Səbinə Əliyeva videoslaydlarla dahi bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Konsert proqramı bəstəkarın “Min bir gecə” baletindən “Nuridənin monoloqu” (bakalavr səviyyəsinin xoreoqrafiya sənəti ixtisası üzrə I kurs tələbəsi Səbinə Məmmədova) ilə başlayıb.

Sonra konsert BXA-nın tam orta, orta ixtisas təhsil pilləsi və bakalavr səviyyəsinin tələbə-müəllim, konsertmeyster heyətinin çıxışları ilə davam edib. Fikrət Əmirovun “Azərbaycan xalq mahnıları” əsasında 2 pyes, “Ekspromt” №1 C dur, “Ekspromt” №2 B dur, “Laylay”, “Kor ərəbin mahnısı”, “Sevil” operasından fraqmentlər, “Mən səni araram”, “Min bir gecə” baletindən “Oxatanların rəqsi”, “Şəhrizadın bayramı” və s. xoreoqrafik nümunələr təqdim olunub.

Konsertin təşkilatçıları BXA-nın orta ixtisas təhsil pilləsinin direktoru Tahir Eynullayev, İncəsənət fakültəsinin dekanı Sənan Hüseynli, Musiqi sənəti kafedrasının müdiri Əhsən Əhmədovdur. Konsertin musiqi tərtibatı BXA-nın baş müəllimi Lalə Hüseynliyə məxsusdur.