Bu il, digər mədəniyyət ocaqları kimi, teatrlarımız da pandemiyanın səbəb olduğu təxminən ikiillik sükunətdən çıxaraq aktiv sənət həyatına qayıtdılar. Prosesi yaxından izləyən biri olaraq deyə bilərəm ki, istər tamaşaçı ilə bilavasitə ünsiyyətdə, istərsə də yeni səhnə əsərlərinin kəmiyyət və keyfiyyətində teatrlarımız özlərinə yenidən baxmaq imkanı qazandılar.

“Şuşa İli” teatrlarımızın cari repertuarında, yeni tamaşalarında da əksini tapdı, il ərzində iki teatr festivalı – Mədəniyyət Nazirliyinin dəstəyi ilə “4.4” Qısa Tamaşalar və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə qurumun 125 illik yubileyinə həsr olunmuş “Milli klassika” festivalları da keçirildi. Üstəlik, bir sıra teatrlarımız ölkə xaricində də festivallara qatıldılar.

***

Bu il Akademik Milli Dram Teatrı üçün əlamətdar hadisələrlə yadda qalıb. Teatrda Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan “Zəfər yolu” tamaşasının premyerası olub. Yaradıcı heyət Türkiyənin Trabzon şəhərində  keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə çıxış edib.

Teatrda Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi görkəmli sənətkarların yubiley tədbirləri də təşkil olunub. Milli Dram Teatrı “4.4” Qısa Tamaşalar Festivalında da iştirak (“Küknarlara məktub”) edib. Teatrın bu il üçün son premyerası “Xurşidbanu Natəvan” tamaşası olub.

***

Akademik Opera və Balet Teatrı da ili premyeralarla qeyd edib. Teatrda “Bir Xəzər əfsanəsi” baleti, “Toska” operası yeni quruluşda təqdim olunub. “Babək” baleti də yenidən sənətsevərlərin ixtiyarına verilib.

Kollektiv Fikrət Əmirovun “Sevil” operası ilə Şəki İpək Yolu Festivalında və bəstəkarın  100 illiyinə həsr olunmuş festival çərçivəsində Gəncə Dövlət Filarmoniyasında çıxış edib. Yaradıcı heyət “Milli klassika” festivalına F.Əmirovun “Min bir gecə” baleti ilə qatılaraq mükafatlandırılıb. Kollektiv “Min bir gecə” baletini Gəncə səhnəsində də nümayiş etdirib.

***

Akademik Musiqili Teatr bir sıra maraqlı layihələrə imza atıb. Bu sıraya ingilis dilində “Anamın kitabı”, eləcə də “Sehrli nəğmə” (uşaqlar üçün) tamaşalarını aid edə bilərik. Həmçinin  “Lara Martin’s Jazz Club” (caz tamaşa), “Bəxtiyar” (musiqili komediya), “Məchul pilləkən”  (balet-tamaşa), “Psix” (birhissəli cəngavərlik oyunu) bu ilin səhnə məhsullarıdır.

***

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında dörd yeni səhnə işinin – “Və bir qadın gəldi...”, “Mən, sən, o və telefon”, “Qələbə” və “Sevgi@Toçka.ru” tamaşalarının premyerası olub.

V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının Bakıya qastrolu zamanı Rus Dram Teatrının səhnəsində çıxış etməsi də bu sənət ocağının aktivinə yazıla bilər.

***

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da il ərzində dörd yeni tamaşanın – “Qağayı”, “İnanıram”, “Kod adı “V.X.A” və “Mauqli”nin premyerası olub.

Kollektiv may ayında Makedoniyanın Bitola şəhərində keçirilmiş Beynəlxalq Monodram Teatr Festivalında “Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil olunub və mükafatlandırılıb. “4.4” Qısa Tamaşalar Festivalında isə teatrın daha bir yaradıcılıq məhsulu – “İnanıram” tamaşası II yerə layiq görülüb.

***

Dövlət Yuğ Teatrında bu il üç premyera – “Kloun Bizzz”, “Şəbədə” və “Toy dəsgahı” baş tutub. Yuğçular may ayında Konyada (Türkiyə ) keçirilən “Min nəfəs bir səs”, oktyabrda isə Almatı şəhərində (Qazaxıstan) Orta Asiya ölkələrinin VIII Beynəlxalq Teatr festivallarına qatılıb.

***

Dövlət Pantomima Teatrı bu il daha çox vaxtilə repertuarında olmuş tamaşaların bərpa-nümayişlərinə üstünlük verib. Bununla belə, yaradıcı heyət “4.4” Qısa Tamaşalar Festivalının qalibi olub (“Şinel” tamaşası, I yer ).

***

Hələlik Bakıda fəaliyyətini davam etdirən Şuşa Dövlət Musiqili Dram Teatrı “Ana”, “Qaraca qız”, “Göyçək Fatma”, “Qırmızıpapaq” tamaşalarının premyeralarını edib, həmçinin Vətən müharibəsində şanlı Zəfərin ikinci ildönümünə həsr olunmuş “Dəmir yumruq” adlı ədəbi-bədii kompozisiyasını tamaşaçılara təqdim edib. İl ərzində “Boy çiçəyi” və “Aktyor əbədiyyətə qovuşanda” tamaşaları da bərpa edilib.

Teatrın kollektivinin öz doğma şəhərində – azad Şuşada ilk çıxışı (“Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasının açıq havada nümayişi) da bu ilin əlamətdar hadisələrindəndir. 

***

Hazırda binası təmir-bərpada olan 140 yaşlı İrəvan Dövlət Azərbaycan Dram Teatrı il ərzində iki tamaşa təqdim edib. Bunlar “Burdan min atlı keçdi” və “Beş dul qadın və rəis” adlı səhnə nümunələridir.

Onu da deyək ki, bu tamaşalar bir neçə dəfə fərqli səhnələrdə, o cümlədən ölkədaxili qastrollarda teatr həvəskarlarına təqdim edilib.

***

Azərbaycan Dövlət Kukla Teatrı il ərzində 4 repertuar-plan tamaşasını – “Düyməcik”, “Məlikməmməd”, “Üç donuz balası”, “Qar kraliçası” və festival üçün hazırlanan “Zəfər zəngi”ni tamaşaçıların ixtiyarına verib. Kuklaçılar il ərzində ölkədəki teatr bayramları ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Rusiyada təşkil olunan beynəlxalq festivallara da qatılıblar.

***

Bakı Uşaq və Gənclər Teatrında bu il uşaqlar üçün “Qarınqulu ayı”, “Zəhrimar”, “Qucaqla məni”, “Xəzinələr adası” və “Kinqin qəsri” tamaşalarını hazırlanıb.

***

Sumqayıt Dövlət Dram Teatrında da tamaşaçıların diqqətini çəkən səhnə əsərləri ərsəyə gəlib. Nizaminin 880 illik yubileyi münasibətilə hazırlanan “Xəzinə” adlı  epik pritça, həmçinin “Bir gecənin nağılı”, “Qaraca qız”, “Missiya” bu ilin yaradıcılıq aktlarıdır. Teatrda uşaqlar üçün hazırlanan “Balaca və Karlsonun macəraları”, eləcə də klassikaya müraciət olan “Kimdir müqəssir?!”, həmçinin “O olmasın, bu olsun” operettası da bu ilin yaradıcılıq işidir.

***

Gəncə Dövlət Dram Teatrı özünün 126-cı teatr mövsümünü “Cavad xan” tarixi-dramı,  “Qəribə missis Sevic” tragikomediyası, “Kral ölür” absurd tamaşası və “Xanuma” komediyası ilə yaddaqalan etməyə çalışıb. Balacaları da unutmayan teatr onlar üçün “Danışan gəlincik” tamaşasını hazırlayıb. H.Cavidin 140 illiyi münasibətilə hazırlanan “Ana” birhissəli dramı ilə “Milli klassika” festivalına qatılan heyət xüsusi diploma layiq görülüb.

***

Gəncə Dövlət Kukla Teatrı isə “4.4” Qısa Tamaşalar Festivalında “Dərdlərimin çamadanı“ adlı səhnə işi ilə “Münsiflərin rəğbəti” nominasiyasında mükafat qazanıb. İl ərzində teatrda “Qız qalası”, “Mauqli”,  “Güllü Güloğlan” tamaşaları da hazırlanıb.

***

Şəki Dövlət Dram Teatrı builki mövsümü “İntihar” ilə açıb. Dekabr ayında isə “Çələbi xan” tamaşasına ictimai baxış olub. Yeni səhnə əsəri yanvar ayından geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

***

Lənkəran teatrı da ili uğurlu nəticələrlə başa vurur. Zəfərimizi ehtiva edən “Haqqın 44 günü”, “Qanlı namə” və “Prokuror” tamaşaları hazırlanıb. Teatrın geniş əks-səda doğuran “Casus” komediyası da builki yaradıcılıq məhsuludur. “Sehrli alma” və “Qar qızın axtarışı” nağıl-tamaşaları uşaqlar tərəfindən maraqla qarşılanıb.

***

Qazax Dövlət Dram Teatrı da repertuar planına uyğun dörd əsərə quruluş verib. İl ərzində “Dələduz”, “Qulluqçu axtarıram”, “Min bir gecəlik kitabxana” və “Yadındamı?!”  tamaşaları hazırlanıb.

***

Salyan Dövlət Kukla Teatrının da bitməkdə olan ili məhsuldar olub. Teatrda  “Meşəyə insan gəlir”, “İntiqamçı xoruz”, “Mauqli”, “Dovşanın ad günü”, “Bir də etmərəm” , “Hərənin öz ulduzu” tamaşaları hazırlanıb.

***

Mingəçevir Dövlət Dram Teatrı 2022-ci ildə “Çox adi əhvalat”, “Otello”, “Yad”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Sehrli xonça”, “Rəngsazların xatirəsi yoxdur”, “Münəccim Səlimin nağılları” və son olaraq  “Şaxta babanın Mingəçevir sərgüzəştləri”ni tamaşaçılara təqdim edib.

***

Bu il 50 illik yubileyini təntənə ilə qeyd edən Qax Dövlət Kukla Teatrının da tamaşa palitrası zəngindir. “Turp”,  “Çirkin ördək balası”, “Balaca cadugər” və “O olmasın, bu olsun” teatrın yeni səhnə əsərləridir. Yubileylərini yaddaqalan etməyə çalışan qaxlı kuklaçılar “Biz mehriban ailəyik” adlı tamaşanı da bu məqsədlə hazırlamışdılar.

***

Qusar Ləzgi Dram Teatrı bu il “4.4” Qısa Tamaşalar Festivalına “Poni”, “Milli klassika” festivalına isə “Hicran” tamaşaları ilə qatılıb. “Adət”, “Tıq-tıq xanım” və “Xaribəy və Sarıbəy” tamaşaları da bu il ərzində ərsəyə gəlib.

***

Ağdam Dövlət Dram Teatrı bu il Türkiyədə keçirilən beynəlxalq teatr festivalına qatılaraq repertuardakı “Tənha qadınlar”ı nümayiş etdirib. “Azad Şuşa” tamaşası isə ağdamlıların zəfər sevincinin səhnə təcəssümünə çevrilib.

***

Füzuli Dövlət Dram Teatrı müxtəlif tədbirlər ilə bağlı kütləvi xalq tamaşaları hazırlamaqla yanaşı, repertuarını da zənginləşdirməyə nail olub. Bu qəbildən “Nar şirəsi”, “Ayı balasının qoçaqlığı” və “Tənhalığın evi”ni göstərə bilərik. “Milli klassika” festivalında “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşası ilə çıxış edən kollektiv təltifsiz qayıtmayıb.

***

Bu il yaranmasının 30 illik yubileyini qeyd edən Bakı Bələdiyyə Teatrı da premyera və qastrolları ilə yadda qalıb. Noyabrda Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində “Şuşada ürəyim qaldı” tamaşasını təqdim edən kollektiv il ərzində daha iki premyerasını – “Sehrbaz” və “Sən qayıdacaqsan” tamaşalarının nümayişini keçirib.

***

Teatrlarımızın fəaliyyətinin, yeni səhnə əsərlərinin kəmiyyət və keyfiyyət nisbəti kimi başqa bir yazının mövzusu olan məsələləri bir kənara qoysaq, ümumilikdə deyə bilərik ki, bütün hallarda ilin səhnə mənzərəsi maraqlı, canlı və işlək mexanizm ilə də yadda qaldı...

H.Nizamiqızı