Rumıniyanın Sibiu şəhərindəki Müasir İncəsənət Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi, Brukenthal Milli Muzeyi, Rumıniyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı və ölkənin Gözdən Əlillər Cəmiyyətinin dəstəyi ilə “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb.

Tədbirdə çıxış edən Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare sərgini Azərbaycanın zəngin mədəni irsinin təbliği baxımından önəmli hadisə kimi dəyərləndirib.

Brukenthal Milli Muzeyinin direktoru vəzifəsini icra edən Alexandru Konstantin Kitutsa sərgidə görmə qabiliyyəti məhdud şəxslər üçün toxunmuş xalçaların təqdim edilməsinin, Brayl şrifti ilə məlumatlandırıcı mətnlərin olmasının önəmini vurğulayıb.

Mərasimdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və səfir Vasile Soareyə Brukenthal Milli Muzeyinin yaradıcısı baron Samuel fon Brukenthalın 300 illik yubileyi münasibətilə təsis edilmiş medal və diplom təqdim olunub. Brukenthal Milli Muzeyinə isə Azərbaycan Milli Xalça Muzeyində toxunmuş “Zeyvə” xalçası hədiyyə edilib.

Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin 30 illiyi və Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə təşkil olunan sərgidə muzeyin kolleksiyasından seçilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid 15 xovsuz və xovlu xalça nümayiş olunur. Burada Qarabağın dünyaca məşhur əjdahalı xalçalarının nümunələrindən “Qasımuşağı”, “Malıbəyli”, Şirvanın “Şamaxı” xalçaları da təqdim olunur. Sərgi 31 yanvar 2023-cü il tarixinədək davam edəcək.