Bölgələrdəki mədəniyyət müəssisələrində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müxtəlif tədbirlər keçirilib.

Gəncə RMİ Gəncə Şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhərindəki İsrafil Məmmədovun Ev-Muzeyi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialı birlikdə “Birliyimizin və inamımızın bayramı” mövzusunda ədəbi-bədii gecə keçirib. Bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəylik bayramı” kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis müvafiq qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə –  Azərbaycan Respublikası Ali Sovetinə müraciət ünvanlayıb. 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.

Goranboy Dövlət Rəsm Qalereyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rəsm sərgisi təşkil edilib.

Goranboy Rayon Uşaq Kitabxanası şəhər 1 saylı tam orta məktəbdə “Yeni il – yeni arzular” adlı tədbir keçirib. Əvvəlcə məktəblilər “Qar dənəciyi” şeirini söyləyiblər. Sonra Şaxta baba uşaqlara bayram hədiyyəsi verib.

***

Ağstafa RMİ Ağstafa Rayon Mərkəzi Kitabxanası Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Mənəvi birliyimizin rəmzinə çevrilmiş bayram” adlı tədbir keçirib. Bildirilib ki, Vətən müharibəsindən sonra bu əlamətdar gün daha yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəyliyimizin təntənəsidir. Çıxışlardan sonra “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda kitab sərgisi nümayiş etdirilib.

Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbində Həmrəylik Günü və Yeni ilə həsr olunmuş konsert təşkil olunub. Dünya və Azərbaycan bəstəkarlarının əsərləri, həmçinin Yeni ilə həsr olunmuş musiqi nömrələri səsləndirilib.

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində keçirilən “Həmrəy olaq – bir olaq!” başlıqlı tədbirdə məktəbin müəllim və şagird kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib.

***

Füzuli rayonunda şəhidlərimizin xatirəsinə həsr edilən tədbir keçirilib. Kürdəmir Regional Mədəniyyət İdarəsi (RMİ) Füzuli rayon nümayəndəliyi tərəfindən təşkil olunan tədbir Füzuli Muğam Mərkəzində gerçəkləşib. Diqqətə çatdırılıb ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən oğullar yaddaşlara əbədi həkk olaraq həm də gələcək nəsil üçün əsl vətənpərvərlik məktəbi miras qoyublar. Sonra şəhidlərimizə həsr olunan “Azad Qarabağ” adlı videoçarx nümayiş etdirilib. Muğam Mərkəzi tərəfindən hazırlanan “Tarix yazan qəhrəmanlar” adlı konsertdə vətənpərvərlik ruhlu musiqilər səsləndirilib.

***

Masallı RMİ və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində uşaqlar üçün Yeni il şənliyi təşkil olunub. Şən mahnılar, rəqslər ifa olunub, viktorina keçirilib. Şənlikdə Şaxta baba hər bir uşağa Yeni il hədiyyələri verib.

Masallı Dövlət Rəsm Qalereyasında “Həmrəylik və Yeni il” başlığı altında rəsm sərgisi təşkil edilib.

***

Sabirabad RMİ Şirvan şəhər MKS-nin 6 saylı kitabxana filialı və Şirvan Şəhər Mədəniyyət Mərkəzinin Bayramlı qəsəbə klubunun təşkilatçılığı ilə “Dünya azərbaycanlıları bir yumruq kimi” adlı şənlik keçirilib.

***

Bərdə RMİ Yevlax Şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı tərəfindən “Qış nağılı” adlı əyləncəli tamaşa nümayiş etdirilib. Mədəniyyət işçilərinin ifa etdikləri mahnılar, təqdim olunan rəqslər və səhnəciklər, eləcə də Şaxta baba və Qar qız, nağıl personajları kiçikyaşlı tamaşaçıların alqışları ilə qarşılanıb. Uşaqlar Yeni il küknarı ətrafında dövrə vuraraq mahnı və şeirlər ifa ediblər.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunan tədbir keçirilib. İdarənin rəisi Rəşad Əliyevin də iştirak etdiyi tədbirdə məktəbin şagird və müəllim kollektivi konsert proqramı ilə çıxış edib.

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Şuşa İli” çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan “Birliyimiz həmrəyliyimizdir!” adlı sərgi-tədbir keçirilib. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsi və Yazıçılar Birliyinin Sumqayıt bölməsinin dəstəyi ilə edilən tədbirdə şəhid və qazi övladlarının rənglədiyi kompozisiya – “Azərbaycan xəritəsi” ilə “Xarıbülbül” rəsmləri nümayiş olunub.

***

Ağdaş RMİ Göyçay rayon MKS-nin Uşaq şöbəsi və 9 saylı Mırtı kənd kitabxana filialının birgə təşkilatçılığı ilə “Yeni il yeni ümidlərin bayramıdır” adlı əyləncəli bayram tədbiri keçirilib.

Nurəddin Məmmədli