Azərbaycan

 

3 yanvar 1907 – Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 – 27.6.1985) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində Orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.

3 yanvar 1944 – Əməkdar rəssam Arif Qəndi oğlu İsmayılov (1944 – 9.10.2014) anadan olub.

 

4 yanvar 1932 – Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869 – 1932) vəfat edib. Realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, “Ölülər”) ilə Azərbaycan ədəbiyyatına töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

4 yanvar 1946 – Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib. Kitabları: “Sijimqulunamə”, “Satira mərmiləri” və s.

4 yanvar 1946 – Xalq artisti Rafael Məlik oğlu Dadaşov (1946 – 16.3.2020) Zaqatalada doğulub. Akademik Milli Dram Teatrının səhnəsində, filmlərdə (“Bəxt üzüyü”, “Mənim ağ şəhərim”), televiziya tamaşalarında (“Ordan-burdan”, “Göz həkimi” və s.) yaddaqalan rollar oynayıb.

4 yanvar 1983 – Tanınmış rəssam İbrahim Səfi (İbrahim Qafar oğlu Səfiyev; 1898-1983) İstanbulda vəfat edib. Naxçıvanda doğulub. Türkiyədə yaşayıb-yaradıb. Atatürkün portretini çəkən ilk rəssamlardan biridir.

4 yanvar 2000 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918 – 2000) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

4 yanvar 2021 – Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Ağabala qız Mirməmmədli (23.5.1961 – 2021) vəfat edib.

 

5 yanvar 1884 – Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 – 1.4.1954) Şuşada doğulub. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda tamaşalarda qadın rollarını (o cümlədən “Leyli və Məcnun”da Leyli) oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.

5 yanvar  1887 – Tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 – 30.6.1967) аnаdаn оlub. Qəzəl və qoşmalar yazıb. Tanınmış tarzənlər Ənvər Mənsurovun atası, Bəhram Mənsurovun əmisidir.

5 yanvar 1910 – Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov (1910 – 19.1.1991) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. “Kəlilə və Dimnə” kitabından şeirləri, Füzulinin, Nəsiminin farsca yazdığı əsərləri dilimizə tərcümə edib.

5 yanvar 1924 – Azərbaycanın ilk epiqrafçı qadın alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü  Məşədixanım Sədulla qızı Nemətova (1924 – 26.12.2016) Bakıda anadan olub. 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nu tərtib edib.

5 yanvar 1927 – Yazıçı Əlfi Səhlik oğlu Qаsımоv (1927 – 12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. “Toy gecəsi”, “Adilənin taleyi” romanlarının, “Məni qınamayın”, “Qızburunda tək məzar” povestləri və s. əsərlərin müəllifidir.

 

6 yanvar 1893 – Xalq artisti Pyotr Borisoviç Yudin (1893-1977) anadan olub. 1946-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

6 yanvar 1907 – Görkəmli aktyor, SSRİ Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 – 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Akademik Milli Dram Teatrında çalışıb. “Səbuhi” (Mirzə Fətəli), “Qatır Məmməd” (Fətəli xan Xoyski) və s. filmlərdə çəkilib.

6 yanvar 1914 – Əməkdar artist Nəcibə Məcid qızı Behbudova (1914-1999) Tiflisdə anadan olub. Tiflis Azərbaycan teatrında, Musiqili Komediya Teatrında çalışıb, filmlərə çəkilib.

6 yanvar 1938 – Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5.6.1908 – 1938) dünyasını dəyişib. Repressiya qurbanı olan şair pantürkizm və millətçilikdə ittiham edilərək güllələnib.

6 yanvar 1962 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (8.12.1901 – 1962) vəfat edib. Həştərxanda doğulub, 1920-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. “Bəxtiyar”, “Bir məhəllədən iki nəfər” və s. filmlərdə çəkilib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır.

 

7 yanvar 1919 – Əməkdar mədəniyyət işçisi, kinooperator, rejissor Vladimir Yevgenyeviç Konyagin (1919-2002) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında 100-dək sənədli film çəkib, Dövlət mükafatına layiq görülüb.

 

8 yanvar 1903 – Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903-1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. 1922-ci ildən Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1925-ci ildə Bakıya gəlib və Akademik Dram Teatrında işləməyə başlayıb. Stalin repressiyalarının qurbanı olub. 

8 yanvar 1920 – Xalq artisti, görkəmli aktrisa Leyla Ağalar qızı Bədirbəyli (1920 – 23.11.1999) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, “Arşın mal alan” (1945), “Görüş”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” və s. filmlərdə çəkilib. Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülüb.

8 yanvar 2022 – Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal; 1.3.1947 – 2022) vəfat edib. Akademik Musiqili Teatrın aktyoru olub, filmlərə çəkilib.

 

9 yanvar 1936 – Əməkdar rəssam, heykəltəraş Asim Rzaqulu oğlu Quliyev (1936 – 25.5.2012) Bakıda doğulub. Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin həmmüəllifidir

9 yanvar 1991 – “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova (1961-1991) Laçın rayonunda erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

9 yanvar 2016 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (21.1.1950 – 2016) vəfat edib. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub.

 

Dünya

 

3 yanvar 1929 – İtalyan kinorejissoru Serco Leone (Sergio Leone; 1929-1989) anadan olub.

 

4 yanvar 1785 – Alman folklorçusu, filoloq Yakob Qrim (Jacob Ludwig Karl Grimm; 1785-1863) anadan olub.

4 yanvar 1960 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus; 7.11.1913 – 1960) avtomobil qəzasında həlak olub.

 

5 yanvar 1921 – İsveçrə yazıçı-dramaturqu Fridrix Dürrenmatt (Friedrich Josef Dürrenmatt; 1921-1990) anadan olub.

5 yanvar 1932 – İtalyan yazıçısı, filosof və tarixçi Umberto Eko (Umberto Eco; 1932 - 20.2.2016) anadan olub.

6 yanvar 1872 – Rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 – 27.4.1915) anadan olub.

 

7 yanvar 1925 – İngilis yazıçısı Cerald Darrel (Gerald Malcolm Durrell;  1925-1995) anadan olub.

 

8 yanvar 1910 – Məşhur rus balerinası, SSRİ Xalq artisti Qalina Sergeyevna Ulanova (1910 - 1998) anadan olub.

8 yanvar 1935 – Amerika müğənnisi, aktyor Elvis Presli (Elvis Aaron Presley; 1935 – 16.8.1977) anadan olub

 

9 yanvar 1890 – Çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek; 1890-1938) anadan olub.

Hazırladı: V.Orxan