AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 2023-cü ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Qarabağ bölgəsində olan abidələrdə tədqiqat işləri aparılacaq. Tədqiqatlar 2026-cı ilədək davam edəcək.

Bu barədə məlumat verən institutun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva qeyd edib ki, tədqiqat işləri çərçivəsində abidələrin inventarlaşdırılması, pasportlaşdırılması ilə yanaşı, diqqətdən kənarda qalan, dövlət qeydiyyatına alınmayan yeni abidələrin siyahısı da hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim olunacaq. Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə aparılan tədqiqatların nəticələri həm kitab şəklində çap olunacaq, həm də elektron şəkildə saytlarda yerləşdiriləcək.

2022-ci ildə görülən işlərdən bəhs edən alim bildirib ki, tədqiqatlar əsasən Azərbaycanın memarlıq irsinin qorunmasının mədəni turizm konteksti ətrafında olub. Bu sahədə Azərbaycanda tarixi və mədəniyyət qoruqları tədqiq olunub. Azərbaycanın Qafqaz Albaniyası memarlıq irsinin qorunması və idarə olunması məsələləri üzrə, mədəni turizmin inkişafı ilə bağlı tədqiqatlar aparılıb. Abşeronda mədəni turizm və memarlıq irsi, Azərbaycanın şimal bölgəsində memarlıq abidələri üzrə araşdırmalar aparılıb, mədəni turizm konteksti ətrafında tədqiqatlar yerinə yetirilib. İnstitutun əməkdaşları həm tədqiqat işləri ətrafında, həm də bu il üçün çox aktual olan Qarabağ abidələrinin tədqiqi, onların bərpası ilə bağlı bir sıra məqalələr çap etdiriblər. O cümlədən xarici jurnallarda dərc olunan məqalələr əsasən “Şuşa İli”nə və Qarabağ abidələrinə həsr olunub.