Bölgələrdə Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbirlər

 

Bölgələrdəki mədəniyyət müəssisələrində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müxtəlif tədbirlər təşkil edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan konsert keçirilib. İdarə rəisi Rəşad Əliyevin də iştirak etdiyi tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.

***

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Sabirabad rayon komitəsinin sədri Telman Əzimov tərəfindən Vətən müharibəsi şəhidləri Firavan Əsgərov, Bəxtiyar Mayılov və Elgiz Abbaslının ailələri ziyarət edilib.

Təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsinə uyğun olaraq uzun müddət Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbində müəllim və direktor kimi çalışmış Əfiqə Həsənovaya baş çəkilib.

***

Kürdəmir RMİ Kürdəmir, İmişli və Füzuli rayonlarının mədəniyyət işçiləri hərbi hissələrdə əsgər və zabitlərlə görüşüb, konsert proqramı ilə çıxış ediblər.

Beyləqan Rayon Heydər Əliyev Mərkəzi və Niyazi adına Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Bir ovuc təbəssüm, bir dünya işıq” adlı tədbir keçirilib. Məktəbin, eyni zamanda rayon Uşaq-gənclər inkişaf mərkəzinin hazırladığı rəngarəng musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.

***

İsmayıllı RMİ İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində şəhid və qazi ailələrinin övladları üçün bayram şənliyi keçirilib. Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən kukla teatrının ifasında “Maşa və Qoca Ayı” tamaşası nümayiş etdirilib.

***

Şəmkir RMİ Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində rayon A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdləri müxtəlif rəqs nümunələri və kompozisiyalar təqdim ediblər.

***

Biləsuvar RMİ Salyan Rayon Mədəniyyət Mərkəzinin Çuxanlı kənd Folklor evi N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

***

Ağcabədi rayonunda Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və Ağcabədi RMİ-nin rəisi Qalib Həsənovun da iştirak etdiyi tədbirdə Ağcabədi şəhər Uşaq incəsənət məktəbinin hazırladığı rəngarəng musiqi və rəqs nömrələri iştirakçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

***

Masallı RMİ Masallı onbirillik İncəsənət məktəbində keçirilən tədbirdə təhsil ocağının müəllim və şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.

***

Şəki RMİ-nin rəisi Azər Yusubov, MİHİ Şəki rayon komitəsinin sədri Rəhman Məmmədov və idarənin əməkdaşları Vətən müharibəsi şəhidi Rəşad Əhmədovun ailəsinə baş çəkiblər.

Bayram münasibətilə Şəki şəhər 3 və 4 nömrəli uşaq musiqi məktəblərinin bir qrup müəllim və şagirdi şəhər Bəxtiyar Vahabzadə adına istirahət parkında konsert proqramı ilə çıxış ediblər.

***

Bərdə RMİ və rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Bərdə Rayon Mədəniyyət Mərkəzində şəhid övladları üçün Yeni il şənliyi keçirilib. Mingəçevir Dövlət Dram Teatrının hazırladığı uşaqlar üçün nəzərdə tutulmuş “Şaxta baba və Şaxta nənənin Mingəçevir-Bərdə sərgüzəştləri” adlı musiqili-əyləncəli tamaşa uşaqların böyük marağına səbəb olub.

***

Xaçmaz RMİ Siyəzən şəhər Uşaq incəsənət məktəbində bayram münasibətilə konsert proqramı təşkil edilib. Məktəbin xor kollektivi, nağaraçalanlar ansamblı bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Quba Rayon Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Dünya azərbaycanlıları” adlı tədbirdə eyniadlı film nümayiş olunub.

***

Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev, idarənin əməkdaşları və MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov Vətən müharibəsi şəhidi Tahir İsmayılovun ailəsini ziyarət ediblər.

Tovuz rayon MKS-nin və Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidləri Elburus Yusifov, Emin Mahmudov, Pərviz Nağıyev və Elşən Məmmədovun ailələri ilə görüşüb, şəhidlərin övladlarına bayram sovqatı hədiyyə ediblər.

Qazaxdakı N saylı hərbi hissədə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert keçirilib. Hərbçilər “Göyəzən” ansamblı, Qazax şəhər 1 və 2 nömrəli uşaq musiqi məktəbləri müəllimlərinin ifasında musiqi nömrələrinin sədaları altında rəqs ediblər.

***

Gəncə RMİ Gəncə şəhər Uşaq incəsənət məktəbində fortepiano şöbəsinin 1-ci sinif şagirdlərinin “Yeni il” adlı konserti keçirilib. Gəncə şəhər T.Hacıyev adına 2 saylı Uşaq musiqi məktəbində də bayram münasibətilə tədbir təşkil edilib. Məktəbin direktoru Qahirə Məmmədova tədris ili ərzində fərqlənən şagirdlərə təşəkkürnamələr təqdim edib.

Regional idarənin tabeliyində fəaliyyət göstərən digər mədəniyyət müəssisələrində də bayram tədbirləri keçirilib.

Hazırladı: N.Məmmədli