1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş və Azərbaycanın animasiya kinosu tarixində xüsusi yeri olan “Cırtdan” müasir üsullarla bərpa edildikdən sonra beynəlxalq film festivallarına ayaq açmaq niyyətindədir.

Cizgi filmi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyası, Britaniyanın Kino Klassika Fondu, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən “Fixafilm”in birgə səyi ilə bərpa edilib.

Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamaliyev bildirib ki, restavrasiya prosesi təxminən üç il çəkib. Bərpa olunmuş “Cırtdan”ın premyerası ötən il Bakıda 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında olub. Film həmçinin Böyük Britaniyada “Klassika” striminq platformasında yayımlanıb və beləliklə, beynəlxalq festivalların diqqətini çəkə bilər.  “Azərbaycanfilm” kinostudiyası artıq filmi “Youtube” platformasında yerləşdirib.

Rejissorları Ağanağı Axundov və Yalçın Əfəndiyev olan “Cırtdan” filmi təsviri həllin orijinallığı ilə diqqət çəkir. Müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər, bütün qəhrəmanlar, eləcə də predmetlər və fonlar “xalça” üslubunda işlənib. Filmin bəstəkarı Oqtay Zülfüqarov Qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi gözəl musiqi tərtibatı verib. Yarım əsr öncə tətbiq edilən bu yenilikçi stilistikası ilə “Cırtdan” müasir tamaşaçı üçün də maraqlı olaraq qalır.