Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Qubadlı Rayon İcra Hakimiyyətində (Sumqayıt şəhərində yerləşir) rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezidentin xüsusi nümayəndəsi Qubadlı rayonunda aparılacaq bərpa-quruculuq işləri, Qubadlı kəndlərinin yenidən qurulması və burada mövcud olmuş iqtisadiyyat sahələrinin dirçəldilməsi üçün görüləcək işlər haqqında rayon ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verib.

Böyük Qayıdışın ilk qədəmlərinin qoyulduğu Zəngilan rayonunun Ağalı kəndinə keçmiş məcburi köçkünlərin köçürülməsindən bəhs edən Vahid Hacıyev bu prosesin davamlı olaraq bütün Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan rayonlarda, o cümlədən Qubadlıda həyata keçiriləcəyini deyib.

Sonra xüsusi nümayəndəliyin əməkdaşları Qubadlı Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış muzeylə tanış olublar.