Sumqayıt RMİ Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının parlaq simalarından olan Mikayıl Müşfiqin (1908-1938) xatirəsi vəfatının 85-ci ildönümündə (6 yanvar) yad edilib.

Xızı rayonundakı Mikayıl Müşfiqin Xatirə Muzeyində “Səni kim unudar...” adlı tədbir keçirilib. Əməkdar müəllim, şairə Ofeliya Babayeva, Sumqayıt RMİ-nin Xızı rayonu üzrə nümayəndəsi Mövsüm Bağırov, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə və başqaları çıxış edərək nakam şairin yaradıcılığından söz açıblar.

Bildirilib ki, M.Müşfiqin əsərləri gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizə vətənpərvərlik hisslərinin aşılanması baxımından dəyərli xəzinədir.

Daha sonra Xızı məktəbliləri şairin şeirlərini söyləyiblər.

***

Masallı RMİ Masallı rayon MKS-nin kitabxana filialının, Gənclərin İnkişaf və Karyera Mərkəzi Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin anım gününə həsr olunmuş tədbir keçirilib. Kitab sərgisi ilə tanışlıqdan sonra “1109 nömrəli məhbus” filmi nümayiş etdirilib.

N.Məmmədli