Uels şahzadəsi Dianaya (1961-1997) məxsus ziyafət paltarı Nyu-Yorkdakı “Sotheby’s” satış evində hərraca çıxarılıb.

Modelyer Viktor Edelşteyn tərəfindən 1989-cu ildə hazırlanan məxməri paltar 1997-ci ildə – Diananın ölümündən bir ay əvvəl hərracda satılmışdı. Budəfəki hərracda paltar şəxsi kolleksiyadan təqdim olunur.

Edelşteyn 1982-1993-cü illərdə Diana üçün geyimlər hazırlayıb. Hərraca çıxarılan paltar 80-120 min dollar dəyərində qiymətləndirlir. Hərrac yanvarın 23-də keçiriləcək.

Diana 1981-1996-cı illərdə Britaniya taxt-tacının varisi şahzadə Çarlzın (indiki Kral III Çarlz) həyat yoldaşı olub. O, xeyriyyə tədbirlərinin “kraliçası”, moda dünyasının simvolu sayılırdı, lakin kral ailəsinə xas olmayan bu davranışı ilə Bukingem sarayında mənfi qarşılanırdı. Diana şahzadə Çarlzdan boşandıqdan bir il sonra, 1997-ci il avqustun 31-də Parisdə sevgilisi misirli milyonçu Dodi al-Fayed ilə birlikdə avtomobil qəzasında həlak olub.