Yanvarın 12-dən 22-dək Moskvada vokalçıların və konsertmeysterlərin Xibla Gerzmava adına Beynəlxalq müsabiqəsi keçiriləcək. Abxaz əsilli məşhur vokalçı, opera və operettalarda soprano partiyalarının ən gözəl ifaçılarından biri, Rusiyanın Xalq artisti Xibla Gerzmavanın təşəbbüsü ilə keçirilən müsabiqəyə Rusiya Prezidenti yanında Mədəni Təşəbbüslər Fondu dəstək verir.

42 vokalçı və 16 konsertmeysterin yarışacağı müsabiqənin seçim mərhələsində ekspert şurası 38 ölkədən daxil olmuş 800 ərizəni araşdırıb.

Seçilmiş 42 vokalçı iştirakçı arasında hazırda Sankt-Peterburq Mariinski Teatrının dəvətli solisti olan soydaşımız Həmid Abdulov da var. 28 yaşlı vokalçı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Sankt-Peterburq Konservatoriyasının, Yelena Obraztsovanın Beynəlxalq Musiqi Akademiyasının məzunudur.

Yeri gəlmişkən, müsabiqənin ekspert şurasının bir üzvü soydaşımız – Stanislavski və Nemiroviç-Dançenko  adına Moskva Dövlət Akademik Musiqili Teatrın dirijoru Arif Dadaşovdur.

Gülcahan