Azərbaycan

 

13 yanvar 1894 – Xalq artisti Qriqori Mixayloviç Sorin (1894 – 10.1.1973) Rusiyanın Tver vilayətində anadan olub. Moskva teatrlarında çalışıb, 1946-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

13 yanvar 1897 – Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 – 21.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix, incəsənət, ədəbiyyata dair əsərlərin müəllifidir, ikicildlik rusca-Azərbaycanca lüğətin redaktoru olub. Xalq maarifi komissarı, Azərbaycan KP-nin 2-ci katibi vəzifələrində işləyib. Repressiya edilib.

13 yanvar 1909 – Tanınmış tarzən, xanəndə Şirulla İmanov (1909 – 4.2.1976) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub, M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında vokal və tar ifaçısı kimi çıxış edib.

13 yanvar 1912 – Əməkdar artist, vokalçı Hacıbala Ağahüseyn oğlu Hüseynov (1912-1967) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub. 

13 yanvar 1945 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm Əlisəftər oğlu Bədirzadə (1945 – 8.4.2021) Bakıda doğulub. 1971-ci ildən çalışdığı Azərbaycan Televiziyasında çoxsaylı tamaşa və filmlərə quruluş verib.

13 yanvar 1992 – Əməkdar artist, vokalçı Kamal Həmid oğlu Kərimov (20.2.1925 – 1992) vəfat edib. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb.

13 yanvar 1999 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (28.6.1914 – 1999) vəfat edib. Akademik Milli Dram Teatrında, Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

13 yanvar 2001 – Əməkdar incəsənət xadimi, tanınmış heykəltəraş Eldar Heydər oğlu Zeynalov (22.8.1937– 2001) vəfat edib.

13 yanvar 2003 – Xalq artisti Mirzə Əbdülcabbar oğlu Babayev (16.7.1913 - 2003) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır” və s.) maraqlı obrazlar yaradıb.

 

14 yanvar 1879 – Tiflisdə “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzetinin ilk nömrəsi çapdan çıxıb. Bu, 1877-ci ildə bağlanan “Əkinçi”dən sonra Azərbaycan dilində ikinci qəzet idi. Redaktoru və naşiri Səid Ünsizadə olan həftəlik qəzet 1884-cü ilədək nəşr olundu.

14 yanvar 1923 – Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 – 2.8.1980) Bakıda anadan olub. Gənc Tamaşaçılar, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb. Akademik Milli Dram Teatrının baş rejissoru olub. “Antoni və Kleopatra” (V.Şekspir, 1965), “Şəhərin yay günləri” (Anar, 1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.

14 yanvar 1952 – Məşhur şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 25.3.1907 – 1952) Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib. İstiqlal ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün olunmuş, 1933-cü ildə İrana, oradan Türkiyəyə mühacirət etmişdi.

14 yanvar 2015 – Prezident İlham Əliyev “Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

 

15 yanvar 1904 – Əməkdar artist Cabbar Əli oğlu Əliyev (1904 – 30.11.1973) Naxçıvanda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə (“Qızmar günəş altında”, “Qaraca qız” (Piri baba), “Görüş”) çəkilib. 

15 yanvar 1907 – Aktyor, dramaturq, Əməkdar artist Məcid Baba oğlu Şamxalov (1907-1977) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Qayınana” komediyasının müəllifidir.

15 yanvar 1914 – Yazıçı Ənvər Yusifoğlu (Qasımov; 1914 – 4.3.1989) Yevlax rayonunda anadan olub. 30-40-cı illərdə sürgün həyatı yaşayıb. Əsərləri: “Düşmənimin düşməni” (povest), “Cərrahlar” (roman) və s.

15 yanvar 1936 – Yazıçı-publisist, tərcüməçi Vaqif Musa (Vaqif Məmmədyusif oğlu Musayev; 1936-1996) Quba rayonunun Rustov kəndində anadan olub. “Bəyim çayı boyunca”, “Səhər mehi” və s. romanların müəllifidir.

 

16 yanvar 1905 – Yazıçı Üm-əl-Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva; 1905-1994) anadan olub. Neft milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsidir. Azərbaycan sovetləşəndən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində yazıb: “Qafqaz günləri”, “Sonuncu ümidin çağırışı” və s.

16 yanvar 1944 – Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944 – 20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Ali Sovetin deputatı olub. Deputat həmkarı Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.

16 yanvar 2013 – Prezident İlham Əliyev “Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

16 yanvar 2014 – Prezident İlham Əliyev Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

17 yanvar 1926 – Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 - 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. “Təbrizin baharı”, “Xatirələrimin nəğməsi”, “Dünyamızın sabahı” və s. kitabların müəllifidir.

17 yanvar 1929 – Azərbaycan milli teatrının ilk peşəkar aktyorlarından Mirzə Muxtar Məmmədov (1841-1929) vəfat edib. Şuşada doğulub, 1874-cü ildə Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya qoyub, müxtəlif truppalarda aktyorluq edib.

17 yanvar 1942 – Musiqişünas, Əməkdar müəllim Səadət Ağaməmməd qızı Seyidova (1942-2020) Bakıda doğulub. Ü.Hacıbəyli adına BMA-nın professoru olub.

17 yanvar 2019 – Prezident İlham Əliyev “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.

 

Dünya

 

13 yanvar 1931 – Rus yazıçısı, kinodramaturq Arkadi Aleksandroviç Vayner (1931-2005) anadan olub. Qardaşı Georgi Vaynerlə birgə detektiv əsərlərin müəllifidir.

 

14 yanvar 1818 – Görkəmli fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub. “Ulduzların uşaqları” romanının müəllifidir.

14 yanvar 1895 – Başqırd ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Babiç (1895-1919) anadan olub.

 

15 yanvar 1622 – Fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin; 1622 – 17.2.1673) anadan olub. Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Əsərləri: “Tartüf”, “Psixeya”, “Zorən təbib”, “Xəsis” və s.

15 yanvar 1850 – Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu; 1850 – 15.6.1889) anadan olub.

15 yanvar 1902 – Türk şairi, dramaturq Nazim Hikmət (1902 – 3.6.1963) anadan olub. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət edib. Məzarı Moskvadadır. Ədibin “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında bəstəkar Arif Məlikov balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəlləli iki nəfər” (“Azərbaycanfilm”), “Məhəbbətim mənim, kədərim mənim” (“Mosfilm”) filmləri çəkilib.

 

16 yanvar 1749 – İtalyan şairi və dramaturqu Vittorio Alfieri (1749-1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.

 

17 yanvar 1863 – Rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub.

17 yanvar 1933 – İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti – Yolanda Christina Gigliotti; 1933-1987) Misirdə doğulub. Fransız və ərəb dillərində populyar mahnılar oxuyub.

Hazırladı: V.Orxan