Uzunömürlülər Muzeyinin 1700 ziyarətçisi olub

 

Səfalı təbiəti, tarixi abidələri ilə tanınan Lerik uzunömürlülər diyarı kimi də məşhurdur. Dünyada yeganə Uzunömürlülər Muzeyinin Lerik rayonunda yerləşməsi də bununla əlaqəlidir.

1991-ci ildə fəaliyyətə başlayan muzeyin yaradılmasının əsas səbəbi rayonda uzunömürlü insanların çox olmasıdır. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 500-dən çox lerikli haqqında 2 mindən artıq eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər nümayiş etdirilir.

Burada dünyanın ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümov, Mahmud Eyvazov və Məcid Ağayevə aid ayrıca stendlər yaradılıb.

Lənkəran RMİ-nin tabeliyində fəaliyyət göstərən Uzunömürlülər Muzeyində yaşlı insanların fotoları, şəxsi əşyaları, əl işləri, eləcə də etnoqrafik materiallar saxlanılır.

Direktor Dilarə Fətullayevanın bildirdiyinə görə, 2022-ci ildə muzeyin 1700-dən çox ziyarətçisi olub. Onların 300-dən çoxu xarici turistlərdir. Ziyarətçilərə uzunömürlü insanların kimlik sənədləri – pasportları göstərilib. Qeyd edək ki, 168 il yaşamış lerikli Şirəli Müslümov “Ginnesin rekordlar kitabı”na düşüb.

Nurəddin