Azad edilmiş ərazilərdə tədris ocaqlarının yaradılması sahəsində də işlər davam edir. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, keçən il Tərtər rayonunun  Suqovuşan kənd məktəbi əsaslı təmir olunub.

Hazırda Şuşa şəhərində 1 nömrəli 960 şagird yerlik məktəb tikilir. Ağdam şəhərində də 1 nömrəli 960 yerlik məktəbin inşası gedir. Hər iki məktəbin bu ilin sentyabrında təhvil verilməsi gözlənilir.

Laçında 2 nömrəli şəhər və Zabux kənd məktəbinin əsaslı təmir işlərinə başlanılıb. Onların da bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulub.

Füzulidə Peşə məktəbinin, Kəlbəcər şəhərində və Zəngilanda 960 yerlik məktəblərin, Şuşa Real Məktəbinin layihələndirmə işləri aparılır. Bundan əlavə, dövlət başçısının müvafiq sərəncamı ilə Cəbrayıl şəhərində 960 yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin inşası ilə bağlı ilkin vəsait ayrılıb.