Azərbaycan Respublikasının Birləşmiş Ştatlardakı Səfirliyinin təşkilatçılığı ilə yanvarın 11-də Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya həsr edilmiş “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı keçirilib.

Tədbirdə ABŞ-də akkreditə olunmuş diplomatik və hərbi attaşelik korpusunun nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Təqdimatda film haqqında məlumat verilib. Sənədli filmin rejissoru isveçli Mikael Silkeberq və Amerika Muğam Cəmiyyətinin təsisçisi Cefri Verbok Azərbaycanın, xüsusilə də Şuşanın zəngin mədəni irsi və işğaldan azad edilmiş ərazilərimizə səfərləri barədə söhbət açıblar.

Sonra film nümayiş olunub. Qonaqlara milli mətbəximizin təamları da təqdim edilib.

Qeyd edək ki, isveçli fotoqraf və rejissor Mikael Silkeberq 2021-ci ildə Azərbaycana səfər edib, Şuşa, Füzuli və Ağdamda olub, ermənilərin törətdiyi vandalizmi fotoobyektivin yaddaşına köçürüb. İsveçdəki səfirliyimizin təşəbbüsü ilə Stokholmda həmin fotoların sərgisi təşkil olunub.

Bundan sonra Azərbaycanın İsveçdəki Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mikael Silkeberq tərəfindən “Xarıbülbül əfsanəsi” sənədli filmi çəkilib. Ekran əsəri 2022-ci il noyabrın 10-da şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə Bakıda, Nizami Kino Mərkəzində təqdim olunub. Ekran işi İsveç İctimai Televiziyasında da nümayiş etdirilib.

Filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ və onun tacı Şuşa haqqında fikirləri, həmçinin tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edir.