Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş “Mən tələsmirəm” və “Əyilmə!” şeirləri Almaniyanın populyar “Spruechetante” (“Natiq”) ədəbiyyat portalında yayımlanıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirləri alman dilinə mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova tərcümə edib. Tərcümə mətnlərinin bədii redaktoru alman ədəbiyyatşünas alimi Kerstin Krapsdır.

Xatırladaq ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi məşhur yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.