Vaxtanq Kikabidze ömrünün 85-ci ilində dünyadan köçdü

 

Gürcüstanın Xalq artisti, tanınmış estrada müğənnisi, aktyor, bəstəkar Vaxtanq Kikabidze 2023-cü il yanvarın 15-də, ömrünün 85-ci ilində dünyasını dəyişib.

Vaxtanq Kikabidze 19 iyul 1938-ci ildə Tbilisi şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra Tbilisi Xarici Dillər İnstitutuna daxil olsa da, həyatını incəsənətə bağlayıb. 1959-cu ildən Tbilisi Filarmoniyasının solisti kimi peşəkar ifaçılığa başlayıb. Bir müddət sonra aktyor kimi də tanınıb. 1969-cu ildə məşhur rejissor Georgi Daneliya onu özünün ilk ekran işi ola “Qəm yemə” filmində həkim roluna dəvət edir. Bu rol Kikabidzeyə böyük uğur gətirir. 1977-ci ildə əsas qəhrəmanı oynadığı “Mimino” filmi (rejissor Georgi Daneliya) isə ona böyük keçmiş SSRİ-nin də hüdudlarını aşan şöhrət qazandırıb. V.Kikabidze filmin yaradıcı heyəti ilə birlikdə SSRİ Dövlət mükafatına layiq görülüb. 30-dan artıq filmdə çəkilən Kikabidze özünü ssenarist və rejissor kimi də sınayıb. 

1971-ci ildə Moskvada “Melodiya” firması tərəfindən ilk vinil albomu (qramplastinka)  yazılandan sonra müğənninin ümumilikdə 20-dən çox musiqi albomu buraxılıb. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində olan Vaxtanq Kikabidze Azərbaycan paytaxtına ilk dəfə ötən əsrin 70-ci illərində gəlib, həmçinin müstəqilik dövründə burada dəfələrlə konsert proqramlarında, yaradıcılıq gecələrində çıxış edib.

2010-cu ildə Heydər Əliyev Sarayında müğənninin böyük konserti keçirilib. 2014-cü ildə sənətkar iki dəfə Bakıda Heydər Əliyev Mərkəzində çıxış edib. Onun Gürcüstanın kino və teatr ulduzları ilə birlikdə oynadığı “Veri məhəlləsinin melodiyaları” müzikli, eləcə də solo konserti böyük rəğbətlə qarşılanıb. Müğənni 2018-ci ildə Qəbələdə Beynəlxalq “Veselo” Festivalında da konsert proqramı ilə çıxış edib. Vaxtanq Kikabidze Azərbaycan tamaşaçıları qarşısında sonuncu dəfə 2022-ci ilin avqustunda “Yaşıl Teatr”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli müğənni Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində çıxış etmişdi.

Sənətkar Azərbaycana hər gəlişindən böyük məmnunluq duyduğunu ifadə edirdi. “Mən həmişə çıxışlarımda demişəm ki, iki şəhərdə məmnuniyyətlə yaşayaram – onlardan biri Tbilisi, digəri Bakıdır. Mən bu şəhəri sevirəm və özümü burada çox yaxşı hiss edirəm. Burada mənim çoxlu dostlarım var”, – deyə o bildirmişdi. 2014-cü ildə Heydər Əliyev Mərkəzindəki konsertində, “Bəri bax” Azərbaycan xalq mahnısını da daxil etdiyi “Qafqaz popurrisi” xüsusi alqışlar doğurmuşdu.

Kikabidze Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı rayonlarda da konsert proqramları ilə çıxış edir, Azərbaycanla bağlı tədbirlərə qatılırdı. 2022-ci ildə Tbilisi Dövlət İncəsənət Akademiyasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbirdə Vaxtanq Kikabidzeyə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvi – 880” xatirə medalı təqdim olunmuşdu.

Onun repertuarındakı məşhur mahnılardan biri “Mənim illərim – mənim sərvətim” adlanırdı. Sənətkar üçün ən böyük sərvət illərini verdiyi və özündən sonra da yaşayacaq sənətidir. Ecazkar səsi, zamanın fövqündə duran mahnıları ilə milyonların qəlbini fəth etmiş sənətkarın vəfatı bütövlükdə incəsənət dünyası üçün itkidir.

Görkəmli sənətkarın vəfatı onun hər zaman dost münasibəti bəslədiyi Azərbaycanda da təəssüf və kədər hissi ilə qarşılanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan xalqının böyük oğlu Vaxtanq Kikabidzenin vəfatı ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı verib.

Azərbaycan Mədəniyyət Nazirliyi də Vaxtanq Kikabidzenin vəfatı ilə əlaqədar ölkəmizin mədəniyyət və incəsənət ictimaiyyəti adından dost Gürcüstanın mədəniyyət ictimaiyyətinə, sənətkarın doğmalarına dərin hüznlə başsağlığı verib.