Cina Lollobricida 96 yaşında vəfat edib

 

Dünya şöhrətli aktrisa, ötən əsrin 50-ci illərində italyan kinosunun siması olmuş Cina Lollobricida yanvarın 16-da, 96 yaşında vəfat edib.

Əsl adı Luicina olan aktrisa 1927-ci il iyulun 4-də Subiako şəhərində mebel ustası ailəsində doğulub. Ailədə ondan savayı daha üç qız uşağı vardı. Uşaqlığı ucqar dağ kəndində keçib. 1945-ci ildə ailəsi Roma ətrafına köçüb. Cina küçə rəssamlığı ilə məşğul olur, vokal dərsləri alır və teatr məktəbində oxuyurdu.

1946-cı ildə kinoda epizodik rollarla debüt edib. 1947-ci ildə “Miss İtaliya” gözəllik müsabiqəsində üçüncü yeri tutması onu ölkədə tanıdıb. 1950-ci ildən filmlərdə baş rollara dəvət alıb. Ona dünya şöhrətini fransız rejissor Kristian Jakın “Fanfan-zanbaq” filmindəki Adeline obrazı gətirib, tərəf-müqabil Jerar Filip olub. 1952-ci ildə onlar yenidən çəkiliş meydançasında – “Gecə gözəlləri” filmində görüşüblər. Aktrisanın ən diqqətçəkən rollarından biri də “Paris Notr-Dam kilsəsi”ndəki (1956) Esmeraldadır.

Cina Lollobricida kino karyerasını 1973-cü ildə dayandırsa da, 90-cı illərədək rejissorların israrlı dəvətləri ilə ara-sıra kinokamera önünə keçib. Ümumilikdə 60-dan çox filmdə çəkilib, onların yarıdan çoxu 1950-ci illərdə lentə alınıb.

70-ci illərdə çəkiliş meydançasından ayrıldıqdan sonra peşəkar fotoqraflığa başlayıb, bir neçə albom nəşr etdirib. Salvador Dali, Fidel Kastro onun üçün poz veriblər və sonralar Cina onlar haqqında film çəkib. Ömrünün son illərində də film festivallarına jüri üzvü və  fəxri qonaq kimi dəvət alırdı. Həmişə də zahiri görünüşü ilə diqqətləri özünə çəkirdi. Yaşının doxsanında belə onu gözəllik və dəb üslubunun ikonası adlandırırdılar...

V.Kamal