Azərbaycanlı pianoçu Vaşinqtonda konsert proqramı ilə çıxış edib

 

Tanınmış azərbaycanlı pianoçu, Əməkdar artist, Vaşinqtonda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi Nərgiz Əliyarova Con Kennedi adına İfaçılıq İncəsənəti Memorial Mərkəzində (John F. Kennedy Memorial Center for the Performing Arts – Kennedy Center) “İpək Yolunun musiqisi” adlı solo konsert proqramını təqdim edib.

Mərkəzin “Millenium” səhnəsində çıxış edən ifaçının proqramında tarixi İpək Yolunun keçdiyi üç ölkənin – Azərbaycan, Türkiyə və İran bəstəkarlarının əsərləri yer alıb.

Konsertdən öncə Nərgiz Əliyarova Azərbaycanın zəngin musiqisindən, dünya incəsənətinə bəxş etdiyi töhfələrdən söhbət açıb.

Gecədə pianoçu Azərbaycanın klassik və müasir bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Firəngiz Əlizadə və Faiq Sücəddinovun, Lalə Cəfərovanın Üzeyir Hacıbəylinin əsərləri mövzusunda işləmələrini ifa edib.

Proqramda həmçinin Türkiyə bəstəkarları Ülvi Camal Erkin və Fazil Say, eləcə də Cənubi Azərbaycandan bəstəkar Ariya Torkanborinin musiqiləri səslənib.

Konsert yerli və müxtəlif ölkələrdən olan sənətsevərlər, ABŞ-da yaşayan azərbaycanlılar tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, ötən ilin noyabrında Nyu-Yorkdakı “Carnegie Hall”da Nərgiz Əliyarovanın rəhbərlik etdiyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Dostluq körpüləri” adlı konsert proqramı gerçəkləşmişdi. Həmin proqramda Fikrət Əmirovun musiqiləri ilə bərabər, türk və yəhudi bəstəkarların əsərləri də səslənmişdi.