Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları 2022-ci ildə elmi-tədqiqat işlərini bölgədə çay, sitrus və subtropik bitkiləri, bölgənin floristik tərkibinin öyrənilməsi, cənub bölgəsində ekoloji və genetik faktorlar, tibbi nəzarətin uzunömürlülük fenomeninə təsirinin öyrənilməsi kimi mövzulara həsr ediblər. Bundan əlavə, respublikanın cənub-şərq regionunun folklor, etnoqrafik, arxeoloji və numizmatik abidələrin aşkarlanması və s. barədə tədqiqat aparılıb.

Bu barədə yanvarın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat yığıncağında məlumat verilib.

Toplantıda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, akademiyanın tarixində ilk dəfə olaraq illik elmi hesabat regionun özündə dinlənilir. AMEA-nın prezidenti diqqətə çatdırıb ki, Lənkəran Regional Elmi Mərkəzinin Folklor-etnoqrafiya arxeologiya şöbəsinin mövzu-əhatə dairəsi genişləndirilərək Tarix və ədəbiyyat şöbəsi adlandırılıb. Mərkəzin özünün kitabxanasının yaradılmasına da qərar verilib.