Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin 25 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan MR-in mədəniyyət naziri Natəvan Qədimova milli xalçaçılıq nümunələrimizin saxlanc yeri olan muzeyin 25 illik yubileyinin əlamətdar hadisə olduğunu bildirib. Deyib ki, 1999-cu ilin oktyabr ayında Ulu öndər Heydər Əliyevin muxtar respublikanın yaradılmasının 75 illiyi ilə əlaqədar Naxçıvana səfəri zamanı muzeyə baş çəkməsi mədəniyyət ocağının tarixində yaddaqalan hadisələrdən olub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev mədəniyyətimizin digər sahələri kimi, xalça sənətinin inkişafını da diqqətdə saxlayır. Prezidentin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bunun bariz nümunəsidir.

Qeyd olunub ki, Naxçıvan MR Nazirlər Kabinetinin 15 yanvar 1998-ci il tarixli Qərarı ilə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyinə 2022-ci ildə Xalq rəssamı Kamil Əliyevin adı verilib. Hazırda muzeydə 3 mindən artıq eksponat mühafizə olunur.

Naxçıvan MR Rəssamlar Birliyinin sədri Əməkdar rəssam Ülviyyə Həmzəyeva Lətif Kərimov, Kamil Əliyev kimi xalçaçı rəssamların bu sənətin inkişafındakı rolundan, milli xalça sənətimizin Avropa və rus rəssamlığına təsirindən bəhs edib.

Muzeyin direktoru Ülviyyə Məmmədova mədəniyyət ocağı haqqında məlumat verdikdən sonra “Azərbaycan xalçaları” filmi nümayiş olunub.

Sonda incəsənət ustalarının ifasında muğam və xalq mahnıları səsləndirilib.