Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin yanvarın 16-da keçirilən iclasında ayrı-ayrı elmi tədqiqat institutlarında paralellik təşkil edən, yaxud ayrılıqda fəaliyyət göstərməsinə zərurət olmayan elmi şöbələr və sektorların işinə yenidən baxılması məsələsi müzakirə edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu məqsədlə elmi tədqiqat institutlarında struktur islahatlarının aparılmasının zəruriliyindən danışıb.

İclasda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar sektorunun ləğv edilərək Ədəbiyyat nəzəriyyəsi şöbəsinə birləşdirilməsi barədə qərar qəbul edilib. Rəyasət Heyətinin qərarı ilə fəaliyyət istiqamətləri eyni olduğu üçün Folklor İnstitutundakı Musiqi folkloru şöbəsi ləğv edilib, Memarlıq və İncəsənət İnstitutundakı Xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin bazasında Musiqi folkloru adlı yeni şöbə yaradılıb.

Akademiyada albanşünaslıq üzrə tədqiqatların vahid mərkəzdən və sistemli şəkildə tədqiq olunmasını təmin etmək məqsədilə Memarlıq və İncəsənət İnstitutunun Alban memarlığı və incəsənəti şöbəsi Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin tərkibinə keçirilib.

İclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin hesabatı da dinlənilib. Hesabatı təqdim edən AMEA-nın I vitse-prezidenti v.i.e. akademik Arif Həşimov diqqətə çatdırıb ki, ötən il Humanitar Elmlər Bölməsi üzrə elmi müəssisələr tərəfindən 8 istiqamətin 39 problemi üzrə 98 mövzu, 504 iş üzərində tədqiqat aparılıb. Bunlardan  98 mövzudan 27-si, 504 işdən 240-ı tamamlanıb.