“Worldchefs”in prezidenti Şuşaya gedəcək

 

Yanvarın 17-də Bakıda Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan mətbəxinin təbliğatı istiqamətində beynəlxalq əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, eləcə də qastroturizmin inkişafı ilə bağlı məsələlər çərçivəsində “Azərbaycan kulinariyasının təbliğat perspektivləri” mövzusunda konfrans keçirilib.

DTA sədri Fuad Nağıyev qastroturizmin inkişafının turizmin vacib istiqamətlərindən biri hesab olunduğunu və son illərdə Azərbaycanın qastronomiya destinasiyası kimi təbliği sahəsində çoxistiqamətli işlərin həyata keçirildiyini qeyd edib. Bildirib ki, qastronomiya turizminin inkişafı yalnız Azərbaycanın milli mətbəxini deyil, həmçinin zəngin maddi mədəni irsini, tarixi ənənələrini və mədəniyyətini dünyaya tanıtmağa kömək edir.

Azərbaycanın bu sahədə zəngin potensialı onun “qastronomiya ölkəsi” kimi də tanınması üçün geniş imkanlar yaradır. Bu istiqamətdə Dünya Kulinariya Təşkilatları Assosiasiyası (“Worldchefs”) ilə tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) direktoru Orxan Sadıqov milli mətbəxin qorunmasının ölkəmizin identifikasiyası və milli irsi üçün önəmli amil olduğunu qeyd edib, mərkəzin əsas fəaliyyətinin elmi-metodoloji bazanın təkmilləşməsinə yönəldiyini deyib. Bildirib ki, AMKM milli mətbəxi təşviq edən, milli yeməklərin reyestrini yaradan qurumlar üçün istinad yerinə çevriləcək elmi mərkəz olmağı hədəfləyir.

Konfransda iştirak edən Dünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Tomas Quqler DTA və “Worldchefs” arasında əməkdaşlığın nəticələrindən məmnun olduğunu bildirib, azərbaycanlı kulinarlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin dəvəti ilə Azərbaycana gələn Tomas Quqlerin Şuşaya səfəri də nəzərdə tutulub. O, şəhərin tarixi yerləri ilə yanaşı, biomüxtəliflik baxımından zənginliyi və özünəməxsusluğuna görə seçilən Qarabağın mətbəx nümunələri ilə də tanış olacaq.