Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor Vaxtanq Kikabidzenin vəfatı ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı verib.

Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndiyini bildirən dövlətimizin başçısı onun adının sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunduğunu vurğulayıb.

“Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində Vaxtanq Kikabidze bütöv bir dövrün rəmzinə çevrilmişdir. Onun kinoda canlandırdığı unudulmaz obrazları, orijinal ifaçılıq məharəti ilə oxuduğu mahnıları neçə-neçə nəslin qəlbində xüsusi yer tutur”, – deyə başsağlığı məktubunda bildirilir.

Azərbaycanın böyük dostu olan Vaxtanq Kikabidzenin yaradıcılığının xalqımız tərəfindən hər zaman sevildiyini, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənildiyini bildirən dövlət başçısı Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrə, dostluq və mehriban qonşuluq münasibətlərinə töhfələr vermiş görkəmli sənətkarın əziz xatirəsinin qəlblərdə yaşayacağını qeyd edib.