Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yataqların qanunsuz istismarına etiraz olaraq 2022-ci il dekabrın 12-də başlanan aksiya davam edir.

Aksiyanın əsas tələbi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində ermənilər tərəfindən təbii sərvətlərin qanunsuz istismarına son qoyulması və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasıdır. Hazırda bununla bağlı danışıqlarda hər hansı bir nəticə əldə olunmayıb.

Bunu Geoloji Kəşfiyyat Agentliyi İdarə Heyətinin sədri Əli Əliyev yanvarın 17-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, işğal dövründə Ermənistan və onun xarici havadarları əsasən iri yataqların istismarı ilə məşğul olublar. Beynəlxalq konvensiyalar və Azərbaycan Respublikasının qanunları pozularaq ölkəmizin ərazisində mineral xammal ehtiyatlarının istismarı aparılıb. Burada əsasən 30-a yaxın ölkənin şirkətləri iştirak edib. Bunlar Kanada, Avstraliya, ABŞ, İngiltərə, Almaniya, İsveçrə, Rusiya, Hindistan kimi ölkələrin şirkətləridir. Mineral xammal ehtiyatları qanunsuz istismar edilərək Ermənistana və oradan xarici ölkələrə daşınıb.

Əsasən iri qızıl və mis yataqlarında ciddi istismar işləri aparılıb. Həmin yataqlar Kəlbəcər rayonu ərazisindəki “Söyüdlü” və “Qızılbulaq” qızıl yataqları, Tərtər rayonu ərazisindəki “Dəmirli” mis yatağı, eyni zamanda Zəngilan rayonu ərazisindəki “Vejnəli” qızıl yatağıdır.