Polşanın “Orphee classics” səsyazma studiyasında buraxılmış “Şuşa” musiqi albomu artıq dünya üzrə ən məşhur musiqi yayım platformaları olan “Spotify”, “Amazon” və “Apple Music”ə daxil edilib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə, Şuşa şəhərinin 270 illiyinə və Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş albom 2022-ci ilin oktyabrında işıq üzü görüb və musiqisevərlər arasında böyük maraqla qarşılanıb.

Layihənin ideya müəllifi və rəhbəri Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovadır. Musiqi albomu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və Polşadakı səfirliyimizin dəstəyi ilə ərsəyə gəlib.

Alboma Azərbaycan və Polşanın görkəmli bəstəkarları – Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Aqşin Əlizadə, Myaçeslav Karloviç və Vitold Lutoslavskinin əsərləri daxil edilib.

Bütün musiqi proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin idarə etdiyi Polşanın “Sinfonia Varsovia” orkestrinin ifasında Varşava Milli Radiosunda lentə alınıb.

Diskin annotasiyasının müəllifi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünas Raya Abbasovadır.