Azərbaycanın tanınmış teatr rejissoru Tofiq Kazımovun 100 illiyi yanvarın 16-da Ankarada, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-da qeyd edildi.

Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə təşkil olunmuş tədbirə Azərbaycanın və Türkiyənin teatr xadimləri, sənətşünaslar qatılmışdı.

Tədbir iştirakçıları öncə TÜRKSOY-un ofisində Tofiq Kazımovun yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru İsrafil İsrafilov, Adana Çukurova Universitetinin müəllimi, Azərbaycanın Xalq artisti Cahangir Novruzov, İzmir Dövlət Teatrının rejissoru Murad Çidamlı və başqaları Tofiq Kazımovun Azərbaycan teatrına və ümumilikdə Türk dünyasında teatr sənətinə töhfələrindən bəhs etdilər.

Bildirildi ki, böyük sənətkarın quruluş verdiyi səhnə əsərlərini tamaşaçıya sevdirən mühüm cəhətlər Azərbaycanın teatr məktəbində parlaq iz açdı.

Türk dünyasının zəngin mədəniyyətini, incəsənətini əks etdirən TÜRKSOY-un bu il 30-cu ildönümünün olduğunu xatırladan Sultan Raev bildirdi ki, bu il həm də Azərbaycan peşəkar milli teatrının yaranmasının 150-ci ildönümüdür və Tofiq Kazımovun da Azərbaycan teatrında özünəməxsus dəst-xətti olub.

Səfir Rəşad Məmmədov bildirdi ki, Tofiq Kazımov yaradıcılığı ilə Azərbaycan teatr tarixində önəmli yer tutan şəxsiyyətdir və təkcə teatr sənətində bütün Türk dünyasının ortaq dəyərlərindən biridir.

Professor İsrafil İsrafilov Tofiq Kazımovun yaradıcılığı ilə bağlı məruzəsində görkəmli rejissorun Azərbaycan teatrına verdiyi töhfələrdən, teatra gətirdiyi yeniliklərdən ətraflı bəhs etdi.

İzmir Dövlət Teatrının baş rejissoru Murad Çidamlı professor İsrafil İsrafilovun qələmə aldığı “Tofiq Kazımovun rejissorluq dərsləri” kitabı haqqında danışdı.

Xalq artisti Cahangir Novruzov, türkiyəli teatrşünas Atabəy Barış rejissorun özünəməxsus yaradıcılıq yolu ilə bağlı fikirlərini bölüşdülər.

Mərasimdə iştirak edən Tofiq Kazımovun qızı Aytən Kazımova atası ilə bağlı xatirələri dilə gətirdi, onun yaradıcılığına, sənət irsinə verilən yüksək dəyərə görə minnətdarlığını ifadə etdi.

Mehparə Sultanova
Ankara