Yanvarın 17-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin növbəti konserti təqdim olundu.

Musiqi axşamında ötən il gerçəkləşən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri Fuad Əzizzadə, Ülkər Abdullayeva və Daşqın Kürçaylı tərəfindən “Bayatı-kürd” və “Qatar” muğamları səsləndirildi. Gənc xanəndələrin uğurlu çıxışları tamaşaçıların alqışları ilə qarşılandı.

Xanəndələri tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, qanunda Əməkdar artist Çinarə Heydərova, balabanda Rəfael Əsgərov, nağarada Səyyar Teymurov, bas-tarda Nihad Qədirli müşayiət edirdi.

Muğam sənətimizin tükənməz səltənətindən həmin gecə gənc xanəndələrin payına düşən gövhəri ifaçılar incəliklə, məsuliyyətlə təqdim etməyə çalışdılar.  Xanəndələrin uğurlu çıxışları tamaşaçılarda dərin təəssüratlar yaratdı.

Qeyd edək ki, VIII “Muğam” Televiziya Müsabiqəsi laureatlarının növbəti çıxışları 2 fevral – Gənclər Gününə həsr olunacaq. Konsert fevralın 1-də BMM-də təşkil ediləcək.