Hər şeyin bir başlanğıcı var. 70 il uyuduğu siyasi qəflətdən ayılmış xalq əzablı, keşməkeşli, eləcə də şərəfli bir yolun başlanğıcında idi. Onu nə vahiməli tankların səsi, nə gecənin düzənini pozan güllə yağışı, nə də artıq əldən düşmüş, son nəfəsini verən imperiyanın qəzəbi qorxudurdu. Bu xalq onda bir yumruq kimi birləşməyin nə olduğunu anladı, uşağından, qocasından, qadınından asılı olmayaraq bir amala susadı – Azadlıq. O şaxtalı yanvar gecəsi müstəqillik, öz taleyini özü həll etmək iqtidarında olmaq istəyi çıxartdı insanları küçələrə. Əliyalın, silahsız insanlar doğma şəhəri sinələri ilə, əlləri ilə imperiya quzğunlarından qorumağa çalışdı.

70 il inanmışdı o imperiyaya, onun Qızıl Ordusuna. Amma bu sehr bir gecədə yox oldu. Keçmiş Sovet Ordusunun 1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixin səhifəsinə yazıldı. Bakıya yeridilmiş orduya xüsusi tapşırıq verilmiş və bu tapşırıq qəddarlıq və vəhşiliklə həyata keçirilmişdi. İlk o gecə anladı bu millət tarixi gerçəyi. 70 il onu “böyük qardaş” iddiası ilə məngənədə saxlamış Sovet İttifaqı xalqın azadlıq səsini silah gücünə boğurdu...

20 Yanvardan bir yol aldı Azərbaycan xalqı. Başına nələr gəldi, nələr yaşadı bu illərdə. Mənfur, məkrli, ikiüzlü havadarlarına arxalanan erməni təcavüzkarları torpaqlarımızı işğal etməyə başladı. Tarix səhnəsində görünməmiş Xocalı soyqırımı törədildi, 1 milyondan artıq insan doğma yurd-yuvalarından köçkün düşdü, oba-oba, el-el yurdlarımız düşmən caynağına keçdi, Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı torpaqları 28 il öz həqiqi sahiblərinin qayıdacağı günü gözlədi... Və o gün gəldi.

20 Yanvardan azadlığa yol alan xalq 2020-ci ilin payızında var gücünü toplayaraq, Ali Baş Komandanına güvənərək ayağa qalxdı. Qamətini düzəltdi, igid oğullarını harayladı və 30 il ərzində canlarından keçmiş minlərlə şəhidimizin qisasını almaq, Vətənini düşməndən təmizləmək, Qarabağı azad etmək üçün bir yumruq kimi birləşdi. 20 Yanvar günü boynunu şəhid məzarlarında bükmüş qərənfillər də qamətini dikəltdi, şəhidlərin başdaşındakı şəkillərdən gözləri güldü. O gün Azadlığın doğum günü idi. Bu gün o Azadlığımızın yaşının üstünə yaş gələn gündür. Gün gələcək, gözünün içinə dik baxdığımız, vüqarına arxalandığımız o Azadlıq yüzillikləri arxada qoyacaq, amma onun doğum gününü hamı xatırlayacaq...

Dilrubə İsmayılova