2023-cü ilin yanvarında Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik münasibətlərin 30 ili tamam olur.

Bu münasibətlə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidentinə məktub göndərib.

“Fəxr edirəm ki, xalqlarımız arasında çoxəsrlik dostluq, dil, mədəniyyət, din və tarix baxımından yaxınlıq tellərinin möhkəm bünövrəsi üzərində qurulmuş qarşılıqlı münasibətlər dövlətlərarası və diplomatik status kəsb edib. Ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə ötən il bizim aprel və oktyabr aylarındakı qarşılıqlı səfərlərimizin yekunlarına əsasən strateji müstəviyə qalxmış siyasi əlaqələrimizin birgə səylərimizlə əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm. Əminəm ki, birgə səylərimiz sayəsində xalqlarımız arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, gələcəkdə də ardıcıl xarakter daşıyacaq”, – deyə məktubda bildirilir.

Prezident İlham Əliyev də əlamətdar ildönümü ilə bağlı həmkarına məktub ünvanlayıb. Məktubda vurğulanır ki, iki qardaş ölkəni dərin tarixi, mədəni və mənəvi köklər bağlayır: “Otuz il əvvəl bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin xüsusən son illərdə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması böyük məmnunluq doğurur. Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan sənədlər əməkdaşlığımızın yüksək inkişaf dinamikasından xəbər verir. Xüsusilə də keçən il qardaş ölkələrimizə həyata keçirdiyimiz səfərlər ikitərəfli əlaqələrimizin keyfiyyətcə yeni pilləyə qaldırılmasında vacib rol oynamışdır. Sevindiricidir ki, həm Bakıda, həm də Bişkekdə Sizinlə apardığımız müzakirələr, əldə etdiyimiz razılaşmalar və imzaladığımız çoxsaylı mühüm sənədlər Azərbaycan-Qırğızıstan tərəfdaşlığının bütün sahələrdə inkişafına və yeni məzmunla zənginləşməsinə təkan vermişdir”.