Yanvarın 19-da Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində Abdulla Şaiqin Mənzil-Muzeyi ilə birlikdə 20 Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunmuş “Unutmayaq, unutdurmayaq!” adlı tədbir keçirilib. Tədbirdə muzeylərin əməkdaşları, Zərifə Əliyeva adına liseyin müəllim və şagird kollektivi iştirak ediblər.

L. və M.Rostropoviçlərin Ev-Muzeyinin icraçı rəhbəri Günay Əliyeva 1990-cı ilin 20 yanvar tarixində sovet ordu hissələrinin xalqımıza qarşı həyata keçirdiyi hərbi cinayətlərdən danışıb. Qeyd olunub ki, dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç (1927-2007) xalqımızın başına gətirilən bəlalara biganə qalmayıb, doğma şəhəri Bakıya hər gəlişində Şəhidlər xiyabanı və qaçqın düşərgələrini davamlı ziyarət edib.

Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə “Qara Yanvar” hadisələrinin şahidi kimi xatirələrini bölüşüb: “Bu gün biz 20 Yanvar hadisələrinə həsr olunmuş tədbiri həm də ruh yüksəkliyi ilə qeyd edirik. Çünki Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı düşmən tapdağından azad edib. Lakin biz xalqımızın başına gətirilən bəlaları, şəhidlərimizi heç vaxt unutmamalıyıq”.

Tədbirin bədii hissəsində Abdulla Şaiqin Mənzil-Muzeyinin nəzdində fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvləri tərəfindən 20 Yanvar şəhidləri İlham və Fərizənin nakam ailə həyatına həsr olunan “Bir eşq hekayəsi” adlı poetik kompozisiya nümayiş etdirilib, vətənpərvərlik ruhlu şeirlər səsləndirilib.

Sonda Rostropoviçlərin ev-muzeyi tərəfindən “Vətən” yaradıcılıq dərnəyinin üzvlərinə təşəkkürnamələr təqdim edilib.