Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat qəbul ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin yaydığı bəyanatda bildirilir ki, “Qanlı Yanvar” faciəsi Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda milli qürur, mənəvi iftixar mənbəyi və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq salnaməsi kimi həkk olunub.

Bəyanatda vurğulanır ki, 20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Həmin günlərdə sovet ordusunun amansız hərbi təcavüzünə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi: “Bizi müstəqilliyə aparan yolun əsasını qoyan 20 Yanvar müstəqil Azərbaycan dövlətinin milli mücadilə tarixinə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi, milli vəhdət nümunəsi, bu şərəfli yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi olaraq həkk olundu. Erməni faşistləri tərəfindən işğal olunmuş Vətən torpaqları uğrunda mübarizənin – Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar”.

Bəyanatda diqqətə çatdırılır ki, multikultural Azərbaycanın müstəqil dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. 20 Yanvarda, Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə birgə mübarizə meydanında olmuşlar. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan cəmiyyəti Vətən uğrunda canından keçən Mübarizlərlə bərabər, Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər, habelə Larisa, Yefimiçev, Meeroviç kimi rus, yəhudi, ukraynalı və digər millətləri təmsil edən qəhrəman övladları ilə də fəxr edir. Şəhidlik imanın, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir.

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.