Respublika Uşaq Kitabxanasının 2 saylı filialı və 265 nömrəli orta məktəbin birgə təşkilatçılığı ilə yanvarın 18-də “Qara Yanvar”ın 33-cü ildönümünə həsr edilmiş “And yerimiz” adlı tədbir keçirilib.

Anım tədbirində Azərbaycanın suverenliyi uğrunda canlarını qurban etmiş Vətən övladları haqqında şagirdlərə məlumat verilib, onların əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi bildirilib. Qeyd olunub ki, Azərbaycanın müstəqillik tarixi 33 il əvvəl elə bu gündən başlayıb.

Bakının ən yüksək yerində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir xiyaban var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə qəhrəmancasına həlak olan oğul və qızlarımızın dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il minlərlə insan onların əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.

Sonra Xətai rayonu 265 nömrəli məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib və Respublika Uşaq Kitabxanasının 2 saylı filialının hazırladığı kitab sərgisinə baxış keçirilib. Sərgidə 20 Yanvar hadisələrini əks etdirən kitablar da yer alıb.