Keçmiş sovet dövlətinin hərb maşınının 1990-cı ilin 20 yanvar gecəsi Bakıda həyata keçirdiyi qırğın insanlıq əleyhinə ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Həmin gecə Azərbaycanın suverenliyi uğrunda şəhadətə yürüyənlərin əbədi məkanı – Şəhidlər xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilib. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.

Yanvarın 19-da Üzeyir Hacıbəylinin Ev-Muzeyində 20 Yanvarın 33-cü ildönümü ilə bağlı anım tədbirində bu fikirlər bir daha vurğulanıb. Muzeyin direktoru Sərdar Fərəcovun, muzey əməkdaşlarının çıxışları dinlənilib, 20 Yanvara həsr olunmuş sənədli film nümayiş etdirilib.