Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Tədbir iştirakçıları öncə AMM-in qarşısında Ümummilli lider Heydər Əliyevin büstünü və “Şəhidlər bağı”ndakı abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mərkəzin foyesində davam edən tədbirdə səfirliyimizin və AMM-in əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız və media nümayəndələri iştirak ediblər. Foyedə 20 Yanvar faciəsini əks etdirən stendlər, kitab və fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib.

Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMM-in direktoru Samir Abbasov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycanın istiqlalı yolunda çətin sınaq olduğunu və xalqımızın qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini bildirib. O, Vətən torpaqlarının toxunulmazlığı, Azərbaycanın suverenliyi, Qarabağda başlanan separat hərəkətlərə öz etirazını bildirən xalqımızın əsl qəhrəmanlıq səhifəsi yazdığını vurğulayıb. Direktor Bakıda qırğın törədilən zaman Azərbaycanın informasiya blokadasında olduğunu deyib, xalqımızın səsinə səs verən Ulu öndər Heydər Əliyevin ölkəmizin Moskvadakı nümayəndəliyinə gedərək açıqlama verdiyini, SSRİ rəhbərliyinə öz kəskin etirazını bildirdiyini diqqətə çatdırıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov bildirib ki, sovet ordusunun hissələri o gecə xəbərdarlıq edilmədən Bakı şəhərinə daxil olub dinc əhaliyə döyüş maşınları, tank, pulemyot, avtomat və digər silahlardan atəşə tutaraq insanları qətlə yetirməsi əsl xəyanət idi.

Türkiyənin Özbəkistandakı Səfirliyinin katibi Buğra Doğan Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən danışıb, 1990-cı ilin 20 yanvarında Bakıda törədilmiş qırğını insanlıq əleyhinə cinayət adlandırıb.

Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin rəhbəri Ruslan İmanzadə, Daşkənddə yaşayan soydaşımız Kifayət Hüseynova çıxış edərək 33 il əvvəl Azərbaycan xalqının şanlı bir tarix yazdığını bildiriblər.

Sonda AMM tərəfindən hazırlanmış 20 Yanvar hadisələri haqqında videomaterial nümayiş etdirilib.