Yanvarın 19-da Türkiyənin Malatya şəhərindəki İnönü Universiteti və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə əməkdaşlığı ilə “Qaladan Qalaya igid bir səs: Almas İldırım” adlı tədbir keçirilib.

Azərbaycan mühacirət ədəbiyyatının önəmli isimlərindən olan Almas İldırımın (1907-1952) anadan olmasının 115-ci ildönümünə həsr edilən tədbirdə “Almas İldırımdan seçmə şeirlər” kitabı da təqdim olunub.

TÜRKSOY-un baş katibi Sultan Raev çıxışında A.İldırımın Azərbaycan və Türkiyə ədəbiyyatında, eləcə də Türk dünyası şairləri sırasında özünəməxsus yerə sahib olduğunu vurğulayıb: “TÜRKSOY olaraq Almas İldırımın anadan olmasının 115-ci ildönümünə həsr etdiyimiz kitabı sizlərə təqdim etməkdən məmnunuq”.

S.Raev kitabdakı şeirləri Türkiyə türkcəsinə uyğunlaşdıran şair Kənan Çarboğaya və nəşrin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib.

İnönü Universitetinin rektoru Əhməd Qızılay isə həyatının bir hissəsini Malatyada keçirən şairin vəfatından sonra xatirəsinin yad edilməsində vasitəçi olmaqdan məmnunluğunu bildirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi və kitabın tərtibçisi Elçin Qafarlı deyib ki, xalqının istiqlalı, Türk dünyasının birliyi uğrunda qələmi ilə mübarizə apararkən sovet rejimi tərəfindən sürgün edilən A.İldırım Vətən həsrəti ilə yaşayıb-yaradıb, ikinci vətəni Türkiyədə, Malatyada dünyasını dəyişib.

Fırat Universiteti (Elazığ) Türk dili və ədəbiyyatı kafedrasının müəllimi Əsra Şimşək və əsəri türkcəyə uyğunlaşdıran Sivas Cümhuriyyət Universiteti Türk dünyası araşdırmaları mərkəzinin müəllimi Kənan Çarboğa çıxışlarında şairin yaradıcılığından bəhs ediblər.

Tədbirdə “TRT Avaz”ın A.İldırım haqqında hazırladığı qısametrajlı film nümayiş olunub.

Qeyd edək ki, yanvarın 19-da TÜRKSOY ilə Malatya İnönü Universiteti arasında əməkdaşlıq protokolu da imzalanıb. A.İldırıma həsr edilən anım mərasimi bu əməkdaşlığın ilk bəhrəsidir.

Mehparə Sultanova
Ankara