Regional mədəniyyət idarələrinin (RMİ) tabeliyindəki müəssisələrdə 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə müxtəlif səpkili tədbirlər təşkil olunub.

Şəmkir RMİ. Şəmkir rayon MKS-nin Uşaq şöbəsi “20 Yanvar yaddaşımızın əbədi ağrısıdır” başlığı altında anım mərasimi təşkil edib.

Daşkəsən Rayon Mədəniyyət Mərkəzi və rayon İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində isə 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı törədilmiş qırğından bəhs edilib. 33 il əvvəl baş verən dəhşətli hadisələr Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyyələndirilib.

***

Lənkəran RMİ. Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, ölkəmizdə 20 Yanvar faciəsinin siyasi-hüquqi qiymətini alması Ulu öndərin adı ilə bağlıdır. Digər çıxışlarda da 20 Yanvar qırğının səbəbləri, Azərbaycan tarixində yeri barədə fikirlərini bölüşüblər. Sonra Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində səsləndirdiyi bəyanatı əks etdirən videoçarx nümayiş olunub.

***

Bərdə RMİ. Bərdə Rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar – hüzn və qürur yerimiz" adlı tədbir keçirilib. Qeyd olunub ki, 33 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli səhifəsidir.

Hazırladı: N.Məmmədli