Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin ötən ilin oktyabr, noyabr, dekabr aylarında görülən işləri əhatə edən nömrəsi, eyni zamanda birillik hesabatın yer aldığı xüsusi buraxılışı çapdan çıxıb.

Xüsusi buraxılışda AKİ Kino məktəbinin dinləyici qəbul etməsi, “Cənubda kino günləri”, “Kino istehsalı A-dan Z-yə” layihəsinin Şəki və Bakı mərhələsi, “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsi, “Polşa kino günləri” tədbirləri haqqında məlumatlar, ittifaqa qəbul olunan yeni üzvlər və qurumun digər layihələri haqqında informasiyalarla tanış olmaq mümkündür.

Kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü əsasında çap edilir. Əsas məqsəd ittifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat verməklə yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir. Bülletenin tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur.