“Moskvada böyümüşəm. Amma uşaq yaşlarımızdan evimizdə babamın portretlərini və “Molla Nəsrəddin” jurnalının orijinal nüsxələrini görmüşük”

 

Ötən il Azərbaycanın maarif və mətbuat fədaisi, publisist, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin (1872-1937) 150 illiyi dövlət başçısının sərəncamı ilə geniş şəkildə qeyd olundu. Yubiley tədbirləri bu il də davam edir.

Yubileylə əlaqədar Böyük Britaniyadan Vətənə gələn görkəmli ziyalının nəticəsi Ülviyyə Pepinova bu günlərdə redaksiyamızın qonağı oldu.

 

– Ülviyyə xanım, sizi oxucularımıza necə təqdim edək?

– Mən Ömər Faiq Nemanzadənin qızının nəvəsiyəm. Kamilə nənəm Ömər Faiqin böyük qızıdır. Atam Fuad Pepinov Kamilə xanımın oğludur. Atam 16 yaşından Rusiyada yaşayıb. Ali təhsilini də orada texniki sahə üzrə alıb. 2017-ci ilə qədər Rusiya Elmlər Akademiyasının İnformasiya Problemləri İnstitutunda şöbə müdiri işləyib. Mən Britaniyada Azərbaycan icmasının üzvüyəm. Avropa İttifaqı siyasəti üzrə təhsil almışam. Bir müddət Böyük Britaniya-Azərbaycan Ticarət Palatasında işləmişəm. Həmçinin Ahıska Türkləri İctimai Təşkilatının işləri ilə məşğul olmuşam. On ilə yaxındır Britaniyada uşaq yazıçıları üçün ədəbi dərnəyə rəhbərlik edirəm. Kiçik kitab klubundan başlanan işim sonradan genişləndi.

2019-cu ildən Nemanzadənin xatirəsinin əbədiləşdirilməsi və irsinin araşdırılmasına başlamışan. İkinci Qarabağ müharibəsində isə bir vətəndaş borcu olaraq Azərbaycanın haqq işinin beynəlxalq aləmə çatdırılmasına çalışdım. Buna görə də ötən il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayına dəvət edildim və mükafatlandırıldım. Diasporla İş üzrə Dövlət Komitəsindən bu tədbirə dəvət alanda da qeyd etmişdim ki, biz bu işi təmənnasız edirdik. Biz gecələri yatmadan ingilis dilində yazırdıq, xəbərlər paylaşırdıq və müəyyən qruplarla öz haqq səsimizi ucaldırdıq. Hazırda Azərbaycan icmasının üzvü kimi bu istiqamətdə də işimi davam etdirirəm.

 

– Pepinovlarla Nemanzadələrin qohumluq əlaqələrinə də aydınlıq gətirərdiniz...

– Əhməd bəy Pepinov Ömər Faiq Nemanzadənin bacısının oğlu idi. Əhməd bəyi, demək olar ki, Ömər Faiq tərbiyə etmişdi. Onun Əhməd bəy üzərində təsiri çox olmuşdu. Yəni Ömər Faiqin bacısı Pepinovların gəlini idi. Sonradan isə nənəm Kamilə xanım Pepinovlar nəslindən olan babamla ailə qurur. Atam İskəndər Pepinov və Kamilə Nemanzadənin oğludur. Anam II Dünya müharibəsi illərində 402-ci Azərbaycan diviziyasının komandiri olmuş Əli Nağı Hüseynov və Əməkdar tibb işçisi, 1941-1942-ci illərdə səhiyyə nazirinin müavini olmuş Həlimət Davudovanın qızıdır. Həm Pepinovlar, həm də Nemanzadələr 30-cu illər repressiyası zamanı “xalq düşmənləri”nin siyahısında idi. Buna baxmayaraq, bu ailələr arasında dostluq davam edib, ana tərəfdən babam və nənəm uşaqlıqdan bir-birini tanıyıblar. Kamilə nənəm Bakıda Tibb İnstitutunda təhsil alarkən Azərbaycan Sənaye İnstitutunda (indiki ADNSU – red.) memarlıq ixtisası üzrə oxuyan İskəndər Pepinovla ailə qurub. İskəndər Pepinov və Əhməd Pepinov əmiuşaqları olublar. İskəndərin atası Süleyman bəy və Əhməd bəyin atası Ömər bəy doğma qardaş idilər. Yeri gəlmişkən, bunu da qeyd edim ki, Xalq artisti Lütfəli Abdullayevin həyat yoldaşı Sevda Pepinova Əhməd bəyin qızıdır.

 

– Ötən il Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyi tamam oldu, ancaq tədbirlər bu il də davam edir...

– İlk növbədə, ölkəmizin rəhbərliyinə, Prezident İlham Əliyevə ulu babamın yubileyi ilə bağlı imzaladığı sərəncama görə təşəkkür edirəm. Ötən il bir sıra tədbirlər keçirildi. Nəzərdə tutulan tədbirlərin bir qisminin bu il reallaşmasına qərar verdik. Azərbaycan Milli Elmlər Akademiyasında avqust ayında konfrans keçirildi. Sonra başqa tədbirlər də təşkil olundu. Bu tədbirlərin bəzilərinə atam və Ömər Faiq Nemanzadənin digər qohumları da qatılmışdı. Həmçinin ötən il yubileylə bağlı Milli Azərbaycan Tarixi Muzeyi və Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə danışıqlarımız olmuşdu. Ədəbiyyat Muzeyində babamın şəxsi əşyaları qorunur. Bu əşyaları 1970-ci ildə nənəm muzeyə hədiyyə edib.

Bu ilin ilk tədbirlərindən biri gənc yazıçılar Nəcəf Əsgərzadə və Nicat Həşimzadənin “İşığımız sönməyəcək” kitabının təqdimatı oldu. “İşığımız sönməyəcək” fikri babama aiddir. Bu gənclərin Azərbaycan tarixinə təmənnasız xidmətini görəndə düşündüm ki, həqiqətən də, işığımız sönməyəcək. İnanıram ki, Nemanzadənin yeni nəsillər tərəfindən tanınmasında bu kitabın da rolu olacaq. Sonra Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən çap olunan fotoalbom təqdim edildi. Albomda babamın indiyə qədər məlum olmayan fotoları yer alıb. Tədbirlərin bu il davam etməsinə gəlincə, ötən ilin oktyabrında sərəncamdan sonra bütün layihələri reallaşdırmaq mümkün olmadı, ona görə bəzilərini bu ilə keçirməli olduq.

 

– Milli Tarix Muzeyinə təqdim etdiyiniz bu fotolar ailə arxivinizdə idi?

– Bu fotolar nəsildən-nəslə ötürülüb və biz ailə olaraq bu nümunələrin qorunmasına məsuliyyət daşıyırıq. Bütün fotolar bizim ailədə qorunurdu. Onları muzeyə verdik. Əlbəttə ki, o dövrdə fotolar elə də çox olmayıb. Bir də nənələrimiz sovet rejiminin qəddarlığını gördüklərindən daim qorxu içində yaşayıblar. Ələ keçməsin deyə, təəssüf ki, bəzi sənədləri yandırıblar. Qalan fotolar da bir tarixdir. Bu fotoalbom 6 aya başa gəldi. Albomdakı ən maraqlı nümunə Nemanzadənin zəhməti sayəsində 1894-cü ildə Şəkidə açılan ilk Azərbaycan məktəbi – “Üsuli-cədid” məktəbinin kollektivi ilə olan fotodur.

 

– Qeyd etdiyiniz fotolardan əlavə ailədə başqa sənədlər də qorunurmu?

– Bizdə olan bütün arxivi Milli Tarix Muzeyinə təqdim etdik. Bunu bütün qohumlar üçün deyə bilmərəm. Daha çox material bizim evdə idi. Bu da foto və məktublardan ibarət idi. Bir neçə məktub qalıb. Düşünürük ki, bunlar elə də ictimai əhəmiyyət kəsb etmir. Çünki siyasi-ictimai məzmunlu olsaydı, yəqin ki, nənəm onları qorumazdı. Bu məktublar nənəmlə babam arasında yazışmalardır. Ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazıldığı üçün məktubların məzmunundan məlumatsızıq.

 

– Yubileylə bağlı daha nə kimi tədbirlər planlaşdırırsınız?

– Mart-aprel aylarında rəsmi tədbirin keçirilməsi gözlənilir. Mədəniyyət Nazirliyinin xətti ilə də tədbirlər planlaşdırılır. Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

– Babanızla bağlı eşitdiyiniz maraqlı xatirə, əhvalat varmı?

– Sualınıza keçməzdən öncə bir məsələni söyləmək istərdim. Mən ulu babamın yazdığı bütün fikirlərlə razıyam, amma bir fikrindən başqa. Hərdən düşünürəm, o indi sağ olsaydı, ona deyərdim ki, bax, baba, mən bilirəm, sən çox üzülürsən ki, mən rus dilində düşünüb danışıram. Sən deyirdin ki, dilini sevməyən insan millətini sevməz. Amma mən bu mövzuda səninlə tam razı deyiləm. Çünki biz rus və ingilis dillərində danışsaq da, millətimizi həmişə sevmişik. Biz sənin nəvə və nəticələrin olaraq bunu həm də sübut edirik.

Mən Moskvada böyümüşəm. Amma uşaq yaşlarımızdan evimizdə babamın portretlərini və “Molla Nəsrəddin” jurnalının orijinal nüsxələrini görmüşük. Jurnalın 4 cildinin orijinalı isə hələ də bizdədir. Bir uşaq üçün, əlbəttə ki, bu karikatura və illüstrasiyalar maraqlı idi. Biz belə bir mühitdə böyüdük. Tarixi gerçəkləri isə nə bacım, nə də mən bilirdik. Ahıska türkü olmağımızı belə bilmirdik. Çünki atamın ailəsində elə qorxu var idi ki, onlar bizə bu barədə bir kəlmə də deməmişdilər. Sadəcə, əcdadımızın nə qədər önəmli şəxs olduğunu bilirdik. Biz bütün həqiqətlərdən SSRİ-də yenidənqurma dövründə, 1980-ci illərin ikinci yarısında xəbərdar olmağa başladıq. O vaxt nənəm yaşayırdı və mənim 12-13 yaşım var idi. Bu gün çox heyfsilənirəm ki, Kamilə nənəm əsl qaynaq-mənbə olduğu halda mən ondan heç nə öyrənə bilməmişəm. Yenidənqurma illəri mənim üçün nəslimi tanıma baxımdan mühüm dövr oldu. O vaxt bizə Azərbaycandan, Türkiyədən tarixçi və jurnalistlər gəlməyə başladı. Atamın türksoylu olduğunu, Nemanzadənin böyük ictimai fəaliyyətini də həmin illərdə bildim. Atamla görüşlərdə həmişə onun yanında oturub danışdıqlarını dinləyirdim. Atam uzun illər həyatını Ahıska türklərinin hüquqlarının müdafiəsinə həsr edib.

 

– Nemanzadə irsinin araşdırılması və təbliği ailənizi qane edirmi?

– Nemanzadənin adı Azərbaycanda hər zaman anılıb. Hətta dərsliklərə belə salınmışdı. Amma 2000-ci illərin ortalarında nə baş verdisə, onun adı dərslikdən də çıxarıldı və çox az xatırlandı. Biz bundan narahat olduq. “Molla Nəsrəddin”lə bağlı 2000-ci illərdə yazılan araşdırmalarda nədənsə adı az çəkilməyə başladı.

 

– Mirzə Cəlillə babanızın münasibətləri haqqında nə deyərdiniz?

– Mirzə Cəlil və babam “Molla Nəsrəddin” dərgisində təsisçi kimi bərabərhüquqlu idi. Mən bəzən təəccüb edirəm ki, bəziləri Ömər Faiqi necə Mirzə Cəlilin köməkçisi adlandıra bilir. Çünki bu adamların hər birinin özünəməxsus fikirləri var. Əlbəttə, rəsmi olaraq Mirzə Cəlil baş redaktor idi. O vaxt Nemanzadənin irəli çəkilməsinə icazə verilmirdi. Azad düşüncəsinə görə hətta məhbəsə də salınmışdı. 1907-ci ildə karikaturaya görə müəllif kimi həbs edilən kim idi? Təbii ki, Nemanzadə.

 

– Ömər Faiq “Şərqi-Rus” qəzeti ilə də əməkdaşlıq edib. Qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtlı ilə aralarında müəyyən fikirayrılığının olduğu da deyilir...

– Bəlkə də var idi. Sosial şəbəkə hesabları üzərindən bəzi adamlar tərəfindən belə fikirlərin ortaya atılması bizi çox düşündürür. Nənəmin xatirələrindən eşitdiyim qədərilə, onların arasında həmişə polemika, fikir ayrılığı olub. Dil, əlifba məsələsində Əli bəy Hüseynzadə ilə də həmçinin. Fərqli görüşlərə sahib olub müzakirə etmək normaldır. Bəzən bu münasibətləri nədənsə düşmənçilik kimi qələmə verirlər. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün babama həsr olunan sayt yaratdım, sosial şəbəkə hesabları da açdım. Bu məsələlərin dərindən araşdırılmasına gərək var.

 

– Yubiley tədbirlərində babanız haqqında sizi təəccübləndirən hər hansı bir fakt oldumu?

– Babamın irsinə münasibət məndə böyük ümid yaratdı. Onun haqqında deyilən sözlər, yazılan məqalələr yeni yol açdı. Ən böyük hədiyyə isə görkəmli ədəbiyyatşünas professor Vilayət Quliyevin ötən ilin dekabrında mənə yazdığı mesaj oldu. Vilayət müəllim ADA Universitetinin təşəbbüsü vǝ dəstəyi ilǝ Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qǝzetinin (1918-1920) tam külliyyatının ǝrǝb qrafikalı əlifbadan indiki Azərbaycan ǝlifbasına köçürüldüyünü yazdı. Bu kontekstdə babamın məqalələrinin də ayrıca nəşri məni sevindirdi. Burada yeni məqalələr və mərhum professor Şamil Qurbanovun məqalələri də yer alıb. Bu arada tarixçi, professor Solmaz Rüstəmova-Tohidinin də əməyini qeyd etmək istərdim. Babamın yubileyinin keçirilməsi, əlaqələrin qurulmasında onun bizə böyük köməyi oldu. Mən neçə vaxt idi yazırdım, müraciət edirdim. Bir səssizlik var idi. Sanki qapılar birdən açıldı...

 

– Nemanzadə elə bir irs yadigar qoyub ki, təkcə əlamətdar yubileylərində deyil, hər zaman xatırlanmalıdır...

– Çox şadam ki, babamın irsinə maraq göstərən, araşdıranlar var. Uzaqda yaşasam da, onların münasibəti məni təsirləndirir. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Pərvanə Teyyubovanın “Ömər Faiq Nemanzadə arxivinin təsviri” kitabı çapdan çıxıb. Kitabda ilk dəfə olaraq babamın institutun fondunda mühafizə olunan şəxsi arxiv materialları təsvir edilib. Bütün bunlar Azərbaycan xalqının mirasıdır. Mən babamı bütləşdirmək fikrində deyiləm. Amma onun fikir və düşüncələrinin unudulmasını da istəmirəm. Nəslinin davamçıları olaraq bizlər Nemanzadə haqqında kitab yazmalı deyilik. Çünki biz obyektiv ola bilmərik. Çox şadam ki, babamın irsi ilə bağlı dərin araşdırmalar aparılır, kitablar yazılır. Dövlətimizə və maraq göstərən hər kəsə təşəkkür edirəm.

Lalə Azəri